Azərbaycan universitetlərinin nümayəndə heyəti Mərakeşdə

Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan- Fransız Universiteti (UFAZ), ADA Universiteti və Azərbaycan Dillər Universitetini təmsil edən nümayəndə heyəti Mərakeşdə səfərdə olub. Səfər Azərbaycanın Mərakeşdəki səfirliyinin təşkilatçılığı və Rabat V Məhəmməd Universitetinin təşəbbüsü ilə baş tutub.

 

Səfər zamanı iki ölkənin ali təhsil müəssisələri arasında gələcək əməkdaşlıq və tələbə mübadiləsi müzakirə edilib. Adıçəkilən universitetlərin nümayəndələri Mərakeşin V Məhəmməd Universitetində təqdimatla çıxış edib.

 

Səfər çərçivəsində Azərbaycanın ali təhsil müəssisələrinin nümayəndələri Mərakeşin Ali Təhsil, Tədqiqat və İnnovasiyalar Nazirliyinin baş katibi Mohamed Xalfaoui və əməkdaşlıq və tərəfdaşlıq direktoru Sanaa Zebax ilə də görüşüblər.

 

V Məhəmməd Universiteti ilə əldə olunan razılaşmaya əsasən, UFAZ-ın tədqiqatçıları 29-31 may 2023-cü il tarixlərində Mərakeşdə keçiriləcək “Kodlar, Kriptologiya və İnformasiya Təhlükəsizliyi (C2SI)” mövzusunda 4-cü Beynəlxalq konfransa dəvət olunublar.  UFAZ  PhD və 2-ci kurs magistr tələbələri oktyabrın 23-dən noyabrın 4-dək Rabatda təşkil olunacaq “Post-Kvant Kriptoqrafiyasının Riyazi Aspektləri” adlı CIMPA məktəbində iştirak edəcəklər.  

 

Qeyd edək ki,  informasiya təhlükəsizliyi sahəsində birgə rəhbərlik altında doktorantların hazırlanması da müzakirə olunub.

 



14.02.2023 | 11:55