BANM-ın məzunu: “Vyetnamda işləmək maraqlı, eyni zamanda məsuliyyət tələb edən təcrübədir”

Cavid Məmmədli 2015-ci ildə 685 balla Bakı Ali Neft Məktəbinin (BANM) Kimya mühəndisliyi ixtisasına qəbul olub. Ali Məktəbi 2020-ci ildə müvəffəqiyyətlə bitirərək adını rəmzi kötüyə yazdırıb. Hələ diplom almadan ona “Technip Energies” şirkətindən iş təklifi gəlib. Müxtəlif vaxtlarda “Technip Energies” şirkətinin Fransa və İtaliya filiallarında ezamiyyətdə olub. 2022-ci ilin may ayından “Technip Energies” şirkətinin Vyetnamın Long Son əyalətindəki layihəsində İlkin istismar və İstismar üzrə Supervayzer kimi fəaliyyət göstərir. Hazırda Vyetnamda yaşayır.

 

- Bakı Ali Neft Məktəbi sizə nə qazandırıb?

- BANM  mənə mühəndislikdə və real həyatda lazım olacaq bacarıqları təmin edən keyfiyyətli təhsil və sosial həyat qazandırıb. Hər il istehsalat müəssisələrinə və  digər texniki təlimlərə qatılmağımız və praktik biliyə malik olan professorlarımızın, mühəndis müəllimlərimizin bizə verdiyi təhsil mənim mühəndis kimi erkən və uğurlu fəaliyyətimə böyük təsir edib. Texniki bilikdən əlavə, BANM-də sosial bacarıqlarımı və zəif cəhətlərimi tanıyıb, onları inkişaf etdirməyi öyrənmişəm.

 

- Uğurlu məzun olmağın sirri nədir?

- Əsas odur ki, gördüyün işi sevəsən, qarşına məqsəd qoyub onun arxasınca gedəsən. Əgər aydın məqsəd yoxdursa, dayanmadan müxtəlif sahələri və bacarıqları araşdırmaq, nəhayət hansısa maraq dairəsinə yiyələnmək lazımdır. Bundan sonra da daim öz üzərində işləməlisən.

 

- Gənclərə tövsiyəniz nədir?

- Sizə verilən fürsətləri dəyərləndirin, etdiyiniz səhvlərdən dərs çıxarın. Tez-tez istirahət də edin, enerji yığın və hər bir işi sevərək edin. Öyrənin və öyrəndiyinizi digərləri ilə bölüşüb möhkəmləndirin.

 

- Vyetnamda işləmək və yaşamaqla bağlı təəssüratlarınızı da öyrənmək istərdik...

- Vyetnamda işləmək maraqlı, eyni zamanda məsuliyyət tələb edən təcrübədir. Hazırda işlədiyim "Technip"in Vyetnam layihəsində vyetnamlılarla yanaşı, dünyanın hər qitəsindən olan təcrübəli mütəxəssislər var. Hər bir təcrübəli mütəxəssisdən yeni bilik öyrənib tətbiq edirəm. Hazırda qaldığım şəhərdə Bakı (Ba Cu) küçəsi adlanan küçə var. Eləcə də Bakıda Xətai rayonunda Vunq Tau adlanan küçə mövcuddur. Bu, keçən əsrdə Azərbaycan və Vyetnam neftçi mühəndisləri arasındakı yaxın əməkdaşlığa əsaslanır.

 

 



16.02.2023 | 13:17