Respublika İnformatika Olimpiadası Bakı Ali Neft Məktəbində keçirilib

Bakı Ali Neft Məktəbində (BANM) Elm və Təhsil Nazirliyi və Təhsil İnstitutunun birgə təşkilatçılığı ilə İnformatika üzrə Respublika Fənn Olimpiadasının yarımfinal turu keçirilib.

 

Olimpiada iştirakçıları ilə görüşdə şagirdlərə uğurlar arzulayan BANM-ın rektoru Elmar Qasımov belə mühüm yarışmaya ev sahibliyi etməkdən məmnunluq hissi duyduğunu deyib. Bildirib ki, BANM hər zaman olimpiadalara dəstək verməyə hazırdır. E.Qasımov olimpiadaçıların sayına görə Bakı Ali Neft Məktəbinin ölkədə birinci olduğunu diqqətə çatdırıb. Rektor deyib ki, Ali Məktəb Prezident təqaüdçülərinin sayına görə də birinci yerdədir. Bu tədris ilində ölkə üzrə Prezident təqaüdünə layiq görülən 102 tələbədən 31-i BANM tələbəsi olub. Rektor Ali Məktəbin uğurlu tələbələrindən biri olan İnformasiya təhlükəsizliyi ixtisasının tələbəsi Roman Tolstoşeyevi kürsüyə dəvət edib. O, gələcəyin tələbələri ilə öz təcrübəsini bölüşüb. 

 

Elm və Təhsil Nazirliyinin sektor müdiri Fuad Qarayev olimpiada hərəkatının istedadların aşkarlanması və inkişafında kifayət qədər böyük platforma olduğunu qeyd edib. O, hər ötən il informatikaya marağın artdığını vurğulayıb, olimpiadaya qatılanların 40 faizinin bölgələrdən gələn şagirdlər olduğunu deyib.

 

Xatırladaq ki, cari tədris ilində İnformatika fənni üzrə Respublika Fənn Olimpiadalarında rekord sayda şagird iştirak edib. Onlardan 8-ci sinif üzrə 185 nəfər, 9-cu sinif üzrə 161 nəfər, 10-cu sinif üzrə 100 nəfər, 11-ci sinif üzrə 85 nəfər Respublika mərhələsinin yarımfinal turunda iştirak haqqı qazanıb.

 

Bu barədə BANM-dən bildirilib.

 

 



20.02.2023 | 12:01