Qərbi Azərbaycana qayıdışla bağlı ilk ictimai dinləmə keçirilib

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Beynəlxalq əlaqələr üzrə prorektorluğunun təşkilatçılığı ilə Qərbi Azərbaycan İcmasının (QAİ) İdarə Heyətinin üzvləri universitetin professor-müəllim heyəti və tələbələrlə görüşüb.

 

Tədbir çərçivəsində, həmçinin 21 Fevral - Beynəlxalq Ana Dili Günü ilə bağlı “Meh” Ədəbi Dərnəyinin üzvləri olan tələbələrin hazırladıqları ədəbi kompozisiya nümayiş olunub, Qərbi Azərbaycana qayıdışın vacib komponentlərindən birinin də bu bölgədəki anadilli mədəniyyətin tədqiqi və yaşadılması olduğu qeyd edilib.

 

Tədbiri giriş sözü ilə açan ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, QAİ İdarə Heyətinin üzvü professor Mahirə Hüseynova görüşün məqsədi barədə məlumat verərək, Qərbi Azərbaycan həqiqətlərinin həm daxili, həm də xarici auditoriyaya çatdırılmasının vacibliyini vurğulayıb. Prorektor qeyd edib ki, Pedaqoji Universitetdə keçirilən görüş geniş ictimaiyyət arasında Qərbi Azərbaycana qayıdışla bağlı ilk ictimai dinləmədir və belə müzakirələr bütün ictimai qurumlarda təşkil olunmalıdır.

 

QAİ-nin sədr müavini, Milli Məclisin deputatı Hikmət Babaoğlu çıxışında bildirib ki, bu ilk ictimai dinləmənin Beynəlxalq Ana Dili Günü ilə üst-üstə düşməsi heç də təsadüfi deyil. Deputat vurğulayıb ki, dil məsələsi xalqın milli birliyinin vacib simvollarından biridir və bu gün Qərbi Azərbaycana qayıdış aspektində, bu mühüm vəzifənin icrası ilə bağlı Prezident İlham Əliyevin irəli sürdüyü vəzifələr kontekstində dilimizin qorunması, Qərbi Azərbaycanda anadilli toponimlərin, dil abidələrinin tədqiqi və təbliği olduqca önəmlidir.

 

H.Babaoğlu qeyd edib ki, bu ilin yanvarında təsdiq olunan “Qərbi Azərbaycana Qayıdış Konsepsiyası”nın məzmunu ötən ilin 24 dekabr tarixində Prezident İlham Əliyevin icma üzvləri ilə görüşündə irəli sürdüyü tezislərə əsaslanır. 

 

QAİ Qadınlar Şurasının sədri, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı,  millət vəkili Etibar Əliyev və digərləri çıxışlarında vurğulayıblar ki, Vətən müharibəsindəki tarixi zəfərimiz Qərbi Azərbaycanda ermənilər tərəfindən xalqımıza qarşı törədilən tarixi ədalətsizliyin aradan qaldırılması üçün təşkilatlanmış fəaliyyətə başlamağa imkan verdi. Bildirilib ki, 1989-cu ildə Azərbaycan Qaçqınlar Cəmiyyəti kimi yaradılan QAİ bu günə qədər böyük işlər görüb, lakin Qarabağ probleminin həlli İcma kimi daha sistemli mübarizə aparmağa və beynəlxalq səviyyədə haqq səsimizi bəyan etməyə əsas yaradıb. Qeyd olunub ki, Prezidentin xeyir-duası ilə hazırlanan Qayıdış Konsepsiyası BMT və onun ali qurumları tərəfindən bu beynəlxalq təsisatın gündəliyinə daxil olan sənəd kimi yayımlandı və bu, dünya arenasında böyük əks-səda yaratdı.

 

Çıxışlardan sonra suallar və təkliflər dinlənilib, qarşıda duran vəzifələrlə bağlı geniş müzakirələr aparılıb.

 

 



21.02.2023 | 16:36