“Aqrar Təhsilli Gənclər üçün Karyera Planlaması” layihəsinə start verilib

Gəncə şəhərində Gənclər Fondunun maliyyə dəstəyi, Kənd Təsərrüfatı Nazirliyi, Aqrar İnkişaf Könüllüləri Təşkilatının tərəfdaşlığı və Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) təşkilatçılığı ilə keçirilən “Aqrar Təhsilli Gənclər üçün Karyera Planlaması” adlı layihənin açılış mərasimi keçirilib.


Çıxış edən Milli Məclisin deputatı Müşfiq Cəfərov və Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov aqrar sahəyə dövlət dəstəyindən, bu sahədə olan beynəlxalq təcrübədən, ölkədə icra edilən dövlət gənclər siyasətinin uğurlu nəticələrindən danışıblar.


ADAU-nun Magistr hazırlığı mərkəzinin direktoru Aqil Mustafayev aqrar sahədə magistr təhsilinin rolundan söhbət açıb.
 

“Kapital Bank” ASC Gəncə filialının müdiri Vüqar Paşayev bank sektorunun gənclərə yaratdığı məşğulluq imkanlarından  danışıb.


Layihə rəhbəri Ruslan Vəliyev isə bildirib ki, layihənin keçirilməsində məqsəd gənclərin aqrar sahədə məşğulluq imkanlarının, bu sahə üzrə mütəxəssis hazırlığının rolunun artırılması, kənd təsərrüfatı təyinatlı ixtisaslarda tələbə və məzunların əmək bazarına uyğun hazırlanması və bu kimi məsələlərin həllinə nail olmaqdan ibarətdir.
 

Beş gün müddətində peşəkar mütəxəssislər tərəfindən layihənin istiqamətlərinə uyğun müxtəlif mövzularda təlimlər keçiriləcək, tələbə və məzunların əmək bazarına hazırlanması işinə dəstək göstəriləcək. Eyni zamanda onların məşğulluğunun təmin edilməsi istiqamətində ödənişsiz karyera məsləhəti veriləcək.

 

Layihənin sonunda iştirakçılar sertifikatla təltif olunacaq.

 

 



22.02.2023 | 14:26