BDU-da Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunan beynəlxalq konfrans

Bakı Dövlət Universitetində (BDU) Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunan beynəlxalq konfrans keçirilib.

 

Konfransı giriş sözü ilə açan BDU-nun rektoru Elçin Babayev qeyd edib ki, Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı etnik təmizləmə, soyqırım siyasətinə məruz qalıb:”Xalqımız tarixi dədə-baba torpaqlarından qovulub, qaçqına, məcburi köçkünə çevrilib. Bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayiət olunub. XX əsrin dəhşətli faciəsi olan Xocalı soyqırımı aqressiv və cinayətkar xislətli erməni siyasətinin nəticəsidir. 1992-ci ildə baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir”.

 

Rektor vurğulayıb ki, bu faciəyə ilk dəfə hüquqi-siyasi qiyməti Ümummilli lider Heydər Əliyev verib:”Ulu Öndərin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Azərbaycan Respublikasının Milli Məclisi “Xocalı soyqırımı günü haqqında” qərar qəbul edib, BMT-yə, dünya dövlətlərinə bu qətliamın gerçək mahiyyətini açıqlayıb, beynəlxalq ictimaiyyəti erməni terrorizminə qarşı təsirli tədbirlər görməyə çağırıb. Bu gün artıq dünyanın bir çox ölkələrində erməni millətçilərinin törətdikləri qırğın soyqırım aktı kimi tanınır”.

 

E.Babayev Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması və beynəlxalq aləmdə yayılmasında Heydər Əliyev Fondunun müstəsna rolunu da qeyd edib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyası bu soyqırımın təkcə xalqımıza qarşı deyil, bütövlükdə insanlığa, bəşəriyyətə qarşı yönələn ən ağır cinayətlərdən biri kimi tanıdılması baxımından mühüm əhəmiyyət daşıdı:”“Xocalıya ədalət” kampaniyası bu tədbirlərə daha çox insanın cəlb olunmasında və soyqırım həqiqətlərinin daha geniş coğrafiyaya yayılmasında ciddi rol oynayıb. Artıq bu təbliğat kampaniyası Amerikadan Avropaya, Mərkəzi Asiya, Yaxın və Uzaq Şərq ölkələri, Avstraliya, hətta Afrikaya qədər geniş bir coğrafiyanı əhatə edir”.

 

Sonra Milli Məclisin üzvü, BDU-nun İctimai Nəzarət Şurasının sədri Arzu Nağıyev, Daşkənd Mədəniyyət və İncəsənət İnstitutunun rektoru Eldor Şermanov, Türkiyə Respublikasının ölkəmizdəki keçmiş hərbi attaşesi, ehtiyatda olan general Yücel Karauz, “Soyqırım Həqiqətlərinin Tanıdılması” İctimai Birliyinin koordinatoru Mürvət Məmmədov,  Qazaxıstanın Satbayev Universitetinin professoru (onlayn) Rinat İskakov, Ukrayna Milli Aviasiya Universitetinin Beynəlxalq Əlaqələr İnstitutunun Beynəlxalq Hüquq kafedrasının professoru (onlayn) Arif Quliyev, BDU-nun Azərbaycan tarixi (humanitar fakültələr üzrə) kafedrasının müdiri professor Azad Rzayev çıxış ediblər. Çıxışlarda Ermənistanın hərbi-siyasi cinayətləri, tarixən həyata keçirdiyi işğalçılıq siyasəti barədə məlumat verilib.

 

Tədbir BDU-nun Mədəniyyət-yaradıcılıq Mərkəzinin hazırladığı bədii hissə ilə davam edib.

 

 



25.02.2023 | 11:31