Zərərli vərdişlərə qarşı

Mingəçevir şəhəri R.Mirabov adına 7 nömrəli tam orta məktəbdə şagirdlər arasında narkomaniya və digər zərərli vərdişlərlə mübarizə ilə bağlı maarifləndirmə tədbiri keçirilib.

 

Tədbirdə Mingəçevir şəhəri üzrə təhsil sektorunun müdiri Sevinc Həsənova,  şəhər polis şöbəsinin rəisi, polis polkovniki Ədalət Əliyev, şəhər mərkəzi xəstəxanasının həkimi Zeynəb Balakişiyeva, polis əməkdaşları, təhsil işçiləri və şagirdlər iştirak ediblər.

 

Polis Şöbəsinin rəisi, polis polkovniki Ədalət Əliyev çıxış edərək son aylarda Daxili İşlər Nazirliyinin narkotik vasitələrə qarşı həyata keçirdiyi genişmiqyaslı əməliyyat tədbirləri barədə şagirdləri məlumatlandırıb. Eyni zamanda Ə.Əliyev şagirdləri sağlam gələcək naminə narkotik vasitələrdən uzaq durmağa çağırıb, gənclərə daim diqqətli olmalarını, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər haqqında məlumat əldə etdikdə bu barədə valideynlərinə, müəllimlərinə və polisə məlumat vermələrinin vacib olduğunu bildirib.

 

Daha sonra polis əməkdaşları və narkoloq həkim Zeynəb Balakişiyeva “Narkomaniya”, “Dini ekstremizm və radikalizm”, “Erkən nikah və onun fəsadları”, “Yol hərəkətinin təhlükəsizliyi”, “Ümumi cinayət məcəllələri ilə bağlı” mövzularda çıxış ediblər.

 

Tədbirin keçirilməsində əsas məqsəd şagirdləri narkomaniya və digər zərərli vərdişlərin fəsadları barədə məlumatlandırmaq, narkomanlığın cəmiyyətdə yaratdığı sosial bəlalar və insanların sağlamlığına vurduğu ziyanlarla bağlı məktəblilər arasında təbliğat aparmaq, onları belə neqativ əməllərdən çəkindirmək, şagirdlərin təhsilə, elmə, idmana olan marağını artırmaqdan ibarətdir.

 

Hazırda ümumi təhsil müəssisələrində bu istiqamətdə maarifləndirici tədbirlər davam etdirilir.

 

Şakir CƏFƏROV

 



26.02.2023 | 13:00