“Cyber 360” kibertəhlükəsizlik tətbiq laboratoriyası

Dövlət Gömrük Komitəsinin Akademiyasında “Karmasis Azərbaycan” şirkəti ilə əməkdaşlıq çərçivəsində qurulan “Cyber 360” kibertəhlükəsizlik tətbiq laboratoriyasının açılış mərasimi keçirilib.

 

Mərasimində Dövlət Gömrük Komitəsi sədrinin müavini Natiq Şirinov, akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov, “Karmasis” şirkətinin sahibi və baş direktoru Murat Eraydın,  “Karmasis Azərbaycan” şirkətinin baş meneceri Berna Baysal, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin rəis müavini Samir Rəsulov, İnnovasiya və Rəqəmsal İnkişafı Agentliyinin Rəqəmsal səriştələrin inkişafı departamentinin rəhbəri Fatimə Ələkbərova, Dövlət Gömrük Komitəsi də daxil olmaqla, digər dövlət və özəl qurumların nümayəndələri, akademiyanın əməkdaşları və tələbələri iştirak ediblər.

 

Qonaqları salamlayan akademiyanın rəisi Qulu Novruzov kibertəhlükəsizliyin müasir dövrümüzdəki əhəmiyyətindən, “Karmasis Azərbaycan”la qurulan səmərəli əməkdaşlıq əlaqələrindən bəhs edib. O, akademiyada “Karmasis Azərbaycan”ın öz məhsulları ilə qurulan kibertəhlükəsizlik tətbiq laboratoriyası barədə məlumat verərək laboratoriyanın təşkilində əməyi keçən hər kəsə təşəkkürünü bildirib.

 

Dövlət Gömrük Komitəsi sədrinin müavini Natiq Şirinov elektron ticarətin sürətlə inkişaf etdiyi bir dövrdə kibertəhlükəsizliyə daha böyük önəm verilməsindən,  İT sahəsi üzrə kadr hazırlığının önəmindən danışıb.

 

Elektron Təhlükəsizlik Xidmətinin rəis müavini Samir Rəsulov texnologiyaların inkişafı, rəqəmsallaşma prosesinin sürətlənməsinin kibertəhlükəsizliyin daim diqqət mərkəzində saxlanılmasını tələb etdiyini bildirib. O, ölkəmizdə kibertəhlükəsizlik üzrə kadr hazırlığı həyata keçirən ali təhsil müəssisələrində bu tipli tətbiq laboratoriyalarının yaradılmasını müsbət hal kimi qiymətləndirib. S. Rəsulov Elektron Təhlükəsizlik Xidmətinin  sahə üzrə kadr hazırlığı və tədqiqatların aparılması istiqamətində akademiyaya dəstək göstərməyə hazır olduğunu vurğulayıb.

 

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin departament rəhbəri Fatimə Ələkbərova müasir dövrdə kibertəhlükəsizlik sahəsi üzrə kadrlara tələbatda ciddi artımın müşahidə olunduğunu diqqətə çatdıraraq İT sahəsi üzrə mütəxəssis hazırlığının həyata keçirilməsinin vacib rolunu qeyd edib.

 

“Karmasis Azərbaycan”ın baş meneceri Berna Baysal “Karmasis”in yaranma konsepsiyası və fəaliyyət istiqamətləri haqqında təqdimatla çıxış edib. O, laboratoriyanın ərsəyə gəlməsində əməyi keçən hər kəsə təşəkkür edərək akademiyanın fəaliyyətinə töhfə verəcək əməkdaşlıqdan qürur duyduqlarını bildirib.

 

“Karmasis” şirkətinin sahibi və baş direktoru Murat Eraydın isə bir çox qurumlarda müvəffəqiyyətini sübut etmiş “Karmasis”in təkcə Türkiyədə deyil, Azərbaycanda da kibertəhlükəsizlik sahəsində dünya markaları yaratmaq niyyətində olduğunu söyləyib, gələcəkdə “Karmasis”lə akademiyanın qarşılıqlı əməkdaşlıq əlaqələrinin daha da genişlənəcəyinə əminliyini vurğulayıb.

 

Tədbirin rəsmi hissəsindən sonra “Cyber 360” kibertəhlükəsizlik tətbiq laboratoriyasının açılışı olub.

 

Qeyd edək ki, “Cyber 360” kibertəhlükəsizlik tətbiq laboratoriyası tələbələrə qeyd olunan tərkibdə (Infraskope SIEM++, Dataskope – Database Activity Monitoring and Prevention, Infraskope Screen Recorder) Karmasis kibertəhlükəsizlik məhsullarından istifadə etmə, beləliklə, kritik sistemlərə nəzarət etmə imkanı verəcək. Tələbələr Infraskope SIEM++ vasitəsilə Windows, Linux, şəbəkə cihazları, proqram serverləri və s. kimi mənbələrdən gələn log məlumatları idarəetməyi, DATASKOPE məhsulunun vasitəsilə kritik verilənlər bazası sistemlərinə girişlərin və yerinə yetirilən dəyişiklikləri planlaşdırıldığı və arzu olunduğu kimi təmin etməyi,  Infraskope Screen Recorder proqram təminatı vasitəsilə isə kritik serverlərdə və ya iş stansiyalarında baş verən əməliyyatları mərkəzləşdirilmiş şəkildə qeyd edib saxlamağı öyrənəcəklər.

 



27.02.2023 | 10:05