Qazaxıstan Milli İncəsənət Universitetinin tələbələri Azərbaycanda təcrübə keçir

 

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) ilə Qazaxıstan Milli İncəsənət Universiteti arasında imzalanmış əməkdaşlıq müqaviləsinə əsasən, qazaxıstanlı tələbələr Bakıdadırlar.


Qazaxıstan Milli İncəsənət Universitetinin magistr səviyyəsi üzrə II tədris ilində təhsil alan tələbələr ADMİU-da təcrübə keçmək üçün müxtəlif ixtisaslar üzrə müvafiq mütəxəssislərə təhkim ediliblər. Rejissorluq, Art-menecment, Ənənəvi musiqi sənəti, teatr sənəti, rəssamlıq sənəti, estrada sənəti, Xalq çalğı alətləri, instrumental ifaçılıq, vokal sənəti ixtisasları üzrə 30-dan çox tələbə universitetin arxiv və kitabxanasında, eləcə də, Azərbaycan Milli Kitabxanasında dissertasiya mövzularına dair zəngin materiallarla təmin ediliblər.


Qazax tələbələr ADMİU-da Məryəm Babayeva, İsrafil Ağazadə, Cəmil Quliyev, Elnur Mehdiyev, Samirə Əliyeva və başqa peşəkar müəllimlərin rəhbərliyi ilə 15 gün ərzində müvafiq sahələr üzrə təcrübə keçəcəklər.
Asudə vaxtlarını səmərəli keçirmək üçün onlar universitet əməkdaşları ilə birgə Azərbaycan Müasir İncəsənət Muzeyinə ekskursiya edib, Azərbaycan Dövlət Film Fondunda olub, “Cadenza” orkestrinin konsertində iştirak ediblər.
 

 



27.02.2023 | 13:05