Braziliyalı tələbə: “Azərbaycan çox zəngin tarixə və multikultural dəyərlərə malik bir ölkədir”

“Mədəni müxtəliflikdə birlik: Azərbaycan nümunəsində” adlı XIII Beynəlxalq Multikulturalizm Qış Məktəbində Azərbaycan, Türkiyə, Braziliya, Rumıniya, Almaniya, Fələstin, Rusiya, ABŞ, Gürcüstan, Pakistan, İraq, Bolqarıstan, Mozambik, Mərkəzi Afrika Respublikası, Suriya, Şri-Lanka, Çin və Yaponiya kimi ölkələrin aparıcı universitetlərindən tələbələr iştirak ediblər.

 

Səfər təəssüratlarını bölüşən braziliyalı tələbə Hanna Kruz Qış Məktəbi haqqında Bakı Beynəlxalq Multikulturalizm Mərkəzindən məlumat aldığını, bundan əvvəl isə Braziliyadakı Paraiba Universitetində multikulturalizmlə bağlı xüsusi kursların iştirakçısı olduğunu bildirib:”Bu məktəbin iştirakçısı olmaqdan çox məmnunam. Çünki Azərbaycanın mədəniyyəti haqqında daha çox öyrənmək üçün imkan yaranıb. Bilirəm ki, Azərbaycan çox zəngin tarixə və multikultural dəyərlərə malik bir ölkədir”.

 

Braziliyalı tələbə qeyd edib ki, layihə çərçivəsində dinlədikləri mühazirələrdə Azərbaycanda yaşayan milli və dini azlıqlar və onlarla bağlı aparılan dövlət siyasəti haqqında maraqlı məlumatlar öyrəniblər:”Biz Qusar rayonunda olanda ləzgilərin milli adətləri, yaşam tərzləri ilə yaxından tanış olduq. Hətta onların milli mətbəxindən nümunələrin hazırlanmasını izlədik. Etnik azlıqlar hər bir ölkə mədəniyyətinə dəyər qatır. Onları qorumaq, mədəniyyətlərini yaşatmaq olduqca vacibdir. Bu siyasət Azərbaycanda uğurla həyata keçirilir. Burada olduğumuz müddətdə ölkənizdə etnik azlıqlar, müxtəlif dini konfessiyalar, onlar arasında münasibətlərin tənzimlənməsi haqqında çox şey öyrəndik. Azərbaycan haqqında xoş təəssüratlarım yarandı”.

 



28.02.2023 | 15:01