Rektor Türkiyədə zəlzələ bölgəsində çalışmış könüllülərlə görüşüb

Türkiyədəki zəlzələdən sonra zərərçəkənlərə kömək məqsədi ilə qardaş ölkəyə yollanmış Azərbaycan könüllülərinin içində Bakı Dövlət Universitetinin (BDU) 3 könüllüsü də var. Murad Zeynalov, Fazil Bəhramov və Murad Musazadə fevralın 10-dan Türkiyənin Kahramanmaraş bölgəsində yerli əhaliyə zəruri kömək ediblər. Murad Zeynalov və Fazil Bəhramov Vətənə dönüb, Murad Musazadə isə hələ də Kahramanmaraşda könüllülük fəaliyyətini davam etdirir.

 

Türkiyədən qayıtmış BDU könüllüləri ilə görüşən rektor Elçin Babayev onlara təşəkkür edib. Bildirib ki, BDU könüllüləri ölkənin ictimai həyatında aktiv iştirak edir, bütün məsələlərdə daim vətəndaş mövqeyi göstərirlər.  

 

M.Zeynalov və F.Bəhramov zəlzələ bölgəsində ümumi vəziyyət və Azərbaycan könüllülərinin fəaliyyəti ilə bağlı məlumat veriblər. Qeyd ediblər ki, Kahramanmaraşda olduqları 15 gün ərzində evsiz sakinlər üçün çadırların qurulması, humanitar yardımların boşaldılması və paylanmasında iştirak ediblər.

 

 



01.03.2023 | 13:32