“Dəyirmi masa”

Şirvan-Salyan RTİ-də “dəyirmi masa” keçirilib. Rayon təhsil sektorunun müdirləri və məktəb rəhbərləri iştirak ediblər.

 

Görüşdə təhsil idarəsindən verilən  məlumata görə,  idarənin müdiri Sənan Mənsimli müvafiq sənədlərin ümumi təhsil müəssisələrində şagird davranış qaydaları və valideyn-məktəb münasibətinin tənzimlənməsi ilə bağlı çərçivəni müəyyən etdiyini söyləyib.

 

Bildirilib ki, bu qaydalar təhsilalanların bir sıra hüquq və vəzifələrini təmin etmək məqsədilə ümumi təhsil müəssisəsində nizam-intizamı tənzimləyən qayda və prosedurları müəyyən edir, həmçinin məktəb nüfuzunun artırılması işinə dəstək verir. Bu qaydalara uşaqların fiziki təhlükəsizliyi, onların psixoloji sağlamlığı, məktəbdaxili münasibətlər (şagirdlər arasında münasibət və məktəb kollektivi ilə olan münasibət), əlverişli öyrənmə mühiti və Azərbaycanın milli-mənəvi dəyərlərini əks etdirən müvafiq məktəb mühiti daxildir.

 

Görüşdə məktəbdaxili münasibətlər, əlverişli öyrənmə mühiti, şagirdlərin dərsə davamiyyəti, çətin tərbiyə olunan şagirdlər, səmərəli məktəb mühiti haqqında da geniş müzakirələr aparılıb, müvafiq mövzularla bağlı təklif və tövsiyələr səsləndirilib.

 

Qeyd edək ki, Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə pilot layihəyə 20 ümumi təhsil müəssisəsi cəlb olunub.

 

Şakir CƏFƏROV

 



03.03.2023 | 17:29