Müzəffər Liderlə Azərbaycanı yeni zirvələrə aparan güclü partiya

Yeni Azərbaycan Partiyasının (YAP) VII qurultayından iki il ötür. Qurultay siyasi səhnədə öz rolunu ardıcıl və uğurla yerinə yetirən hakim təşkilatın yaranma dövrünə tarixi bir ekskurs olmaqla, həm də onun gələcək hədəflərini, vəzifələrini ictimaiyyətə təqdim etdi, gərəkli islahatlarla yadda qaldı.

 

Müasir gəncliyin və gələcək nəsillərin Yeni Azərbaycan Partiyası haqqında bütün gerçəkləri bilməsinə təbii bir zərurət var, çünki bu, Azərbaycan tarixinin əhəmiyyətli bir səhifəsidir. Odur ki, qurultayda partiyanın yaranma tarixi barədə dolğun çıxış edən Prezident İlham Əliyevin fikirlərinin bəzi  tezislərinə qayıtmaq istərdik.

 

Yeni Azərbaycan Partiyası siyasi səhnəyə necə gəldi?

 

Bu partiyanın təşəkkülü o zaman baş verdi ki, həmin dönəmdə Azərbaycan olduqca mürəkkəb situasiyalardan, çətin imtahanlardan keçirdi.  Azərbaycan  dövlət  müstəqilliyini yenicə qazanmışdı, lakin bu müstəqilliyə təhlükə və təhdid artırdı.  O zamankı hakimiyyətlərin ciddi səhvləri ucbatından Dağlıq Qarabağda vəziyyət kəskinləşmiş, torpaqlarımız erməni işğalına məruz qalmış, böyük sayda qaçqın ordusu meydana çıxmış, daxildə siyasi gərginlik güclənmiş, faktiki ölkə parçalanmaq, vətəndaş qarşıdurması, müstəqilliyin itirilməsi təhlükəsi ilə üzləşmişdi. Yaşanan qorxulu siyasi böhran, Qarabağdakı arzuolunmaz hərbi proseslər uzun müddət dramatik şəkildə davam edə bilməzdi. Mürəkkəb şəraitdən çıxış yolu tapmaq mütləq vacib idi və belə bir şəraitdə Azərbaycan ictimaiyyətinin nümayəndələri səsini yüksəltdi. Qəti tələb bundan ibarət idi ki, Azərbaycan siyasi diletantların idarəçiliyindən xilas olmalıdır! Azərbaycanı güclü siyasi partiya, güclü lider idarə etməlidir! Bu lider Naxçıvanda yaşayan, çalışan, vaxtilə Azərbaycana rəhbərlik etmiş, Sovet İttifaqında rəhbər postlardan birini tutmuş Heydər Əliyev idi. 91 ziyalı görkəmli siyasi xadim Heydər Əliyevə müraciət ünvanlamaqla, Azərbaycanı təhlükələrdən qurtaracaq, ölkəni inkişafa aparacaq prosesin təməlini qoydu. Bu təməldə Yeni Azərbaycan Partiyasını təsis etmək, onun rəhbərliyinə Heydər Əliyevi gətirmək arzu və planları dayanırdı.

 

Çünki Heydər Əliyev dünya miqyasında tanınan şəxsiyyət idi. Çətin situasiyalarda  düzgün addımlar atmağı, rasional qərarlar verməyi bacaran, güclü xarizmaya malik fenomen bir şəxsiyyət idi. Ziyalıların təşəbbüsləri həyata keçdi və Yeni Azərbaycan Partiyası siyasi səhnəyə beləcə qədəm atdı. Partiyanın Proqramında irəli sürülmüş əsas vəzifələr dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratik, hüquqi, dünyəvi dövlətin qurulması, vətəndaşların dinc və firavan həyatının təmin edilməsi idi. Bunlar qısa müddətdə yerinə yetirildi, ən başlıcası Azərbaycan müstəqilliyini möhkəmlətdi; Daha sonra Avropaya inteqrasiya etdi, regionun güçlü dövlətinə çevrildi.

 

Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi xətt özündən sonra  davam etdirildi və Prezident İlham Əliyevin Sədrliyi ilə YAP daha da gücləndi. Çağdaş Azərbaycan nəhəng iqtisadi layihələrdə imzalarını artırdı. Ölkə hərbi cəhətdən güclənib, öz torpaqlarını hərb müstəvisində işğaldan azad etdi. 

 

Yeni Azərbaycan Partiyası bu gün də demokratik prinsiplər və ideyalara sadiq qalan bir partiya kimi çıxış edir. Konstitusiya və qanunvericilik çərçivəsində, özünün Nizamnaməsi və Proqramı əsasında fəaliyyət göstərən,  Azərbaycanda hüquqi dövlət, sabit və sosialyönümlü iqtisadiyyat, vətəndaş cəmiyyəti qurmaq ideyalarını qəbul edən, vətəndaşları birləşdirən bir siyasi partiya kimi siyasi səhnədə öz missiyasını yerinə yetirməkdədir.

 

VII qurultaydan sonra partiyaya 17940 qadın, 15120 gənc olmaqla 29829 yeni üzv qəbul olunub.  773770 nəfər partiya üzvü respublika üzrə fəaliyyət göstərən 85 yerli təşkilatın 6628 ərazi partiya təşkilatında qeydiyyatdadır ki, onların da 376884 nəfərini (48,7%) qadınlar, 267470 nəfərini (34,6%) gənclər təşkil edir. 773 770 nəfər YAP üzvündən 343 607 nəfəri (44,4%) ali təhsillidir.

 

Bu statistika hakim partiyanın fəaliyyətinə cəmiyyətin müsbət yanaşması və onun gələcəyinə bəslənən pozitiv düşüncələrlə bağlıdır. 

 

Bilirik ki, üzərindən iki il ötən VII Qurultay toplanmış müsbət təcrübənin qorunması vəzifəsini, habelə perspektiv strateji hədəfləri müəyyənləşdirdi.2021-ci ildə təsdiq olunan yeni Proqramla “Müzəffər liderlə Azərbaycanı yeni zirvələrə aparan güclü partiya” olmaq vəzifəsi qarşıya qoyuldu və 10 strateji istiqamət seçildi. Bunlar hansılardır: 

 

- Heydər Əliyev yolu

- Müstəqillik

- Azərbaycançılıq

- Dövlətçilik

- Qanunun aliliyi

- Varislik və təkamül

- Konstruktiv əməkdaşlıq və dialoq

- Sosial ədalət və insan amili

- Multikultural cəmiyyət

- Demokratik ənənələrin inkişafı

 

Göründüyü kimi, partiya ölkənin inkişafı üçün vacib ənənəvi prinsiplərə sadiqdir, irəlidəki perspektiv üçün doğru qərarlar verir, çünki məhz bu istiqamətlərlə Azərbaycanın uzunmüddətli inkişafı təmin olunacaq.

 

Sirr deyil ki, Azərbaycanın regional təşəbbüslərinin əhəmiyyəti ildən-ilə artır. Beynəlxalq müstəvidə fəal mövqe və qlobal təşəbbüslər Azərbaycana çoxlu sayda tərəfdaş qazandırır. Güc faktoru beynəlxalq münasibətlər sistemində öz aktuallığını qoruyub saxladığı üçün YAP hakim partiya olaraq öz siyasətini adekvat olaraq qurmağa çalışır.

 

Məlumdur ki, hakim partiya əməkdaşlığa daim açıqdır, qarşısındakı vəzifələrdən biri kimi partiyalararası siyasi dialoqu stimullaşdırmağa diqqət ayırır. Çünki siyasi dialoqun inkişafı dövlət siyasətinin prioritet fəaliyyət istiqamətlərindən biridir.Siyasi partiyaların fəaliyyəti, demokratiyanın inkişafı, iqtisadi azadlıqların bərqərar olması, ölkəmizin güclənməsi qarşıda duran vacib məsələlərdəndir. YAP-ın təşəbbüsləri ölkəmizin gələcək siyasi sistemi, onun təkmilləşməsi üçün böyük əhəmiyyətə malikdir. Qurultaydan keçən müddət ərzində həm siyasi partiyalarla əlaqələrdə müsbət nəticələr var, həm də  Mərkəzi Aparat, Veteranlar Şurası, Gənclər Birliyi və yerli təşkilatlar tərəfindən milli maraqların qorunmasına siyasi-ideoloji dəstəyin verilməsi, o cümlədən sağlam ictimai rəyin formalaşdırılması, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi – milli şüurun gücləndirilməsi, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması və digər istiqamətlərdə mühüm işlər görülüb.

 

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası və Yeni Azərbaycan Partiyası arasında uzun illər davam edən əməkdaşlıq yeni mərhələyə qədəm qoyub. Partiya liderləri arasında olan dostluq münasibətləri AKP və YAP arasında əlaqələrin daha da yaxınlaşmasına, uğurlu təcrübə mübadiləsinə təkan verəcəyinə əminlik yaradır.

 

Partiyanın Türkiyədən başqa, Rusiya, Kanada, Hindistan, Gürcüstan, Koreya, Pakistan, Tacikistan, Qırğızıstan, Özbəkistan, Qazaxıstan və bir sıra digər ölkələrinin hakim partiyaları ilə əməkdaşlıq əlaqələri mövcuddur. YAP Avropa Parlamentində çoxluğa sahib olan Avropa Xalqları Partiyası ilə əməkdaşlıq edir; Asiya ölkələrinin siyasi partiyalarının təmsil olunduğu “Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı” Daimi Komitəsinin üzvüdür. YAP-ın ən sıx əməkdaşlıq etdiyi partiyalardan biri Çin Kommunist Partiyasıdır. 2022-ci ildə Makedoniya Türk Demokratik Partiyası ilə Əməkdaşlıq memorandumu imzalanıb.

 

YAP-ın üzv olduğu Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı (İCAPP) 50-dən artıq dövləti və siyasi partiyanı özündə birləşdirir. 2022-ci ilin 22 noyabr tarixində Bakıda “Sülh və təhlükəsizlik: siyasi partiyaların rolu” mövzusunda İCAPP ilə birgə beynəlxalq konfrans keçirilib. Bundan əlavə, YAP Mərkəzçi Demokrat İnternasionalının İcra Komitəsinin və Baş Assambleyasının beş onlayn iclasında təmsil olunub. YAP-ın beynəlxalq əlaqələrinin möhkəmləndirilməsi ölkənin xarici siyasətinin davamı kimi qiymətləndirilməlidir.

 

Hakim partiya ictimai rəydə islahatçı bir siyasi təşkilat imici formalaşdırıb. Çünki sürətlə dəyişən reallıq və müəyyən olunan yeni obyektiv amillər davamlı islahatlar kursunun aparılmasını tələb edir.

 

Beləliklə, birmənalı demək mümkündür ki, partiyanın Strateji fəaliyyət istiqamətlərini müəyyən edən Proqram üzrə addımlar təxirə salınmır, qətiyyətlə atılır.Ölkənin müstəqilliyi qorunur, demokratik ənənələr inkişaf etdirilir, güclü iqtisadiyyat yolunda davamlı fəaliyyət ortaya qoyulur, qüdrətli ordu quruculuğu davam edir, Qarabağ və Şərqi Zəngəzura Böyük Qayıdış istiqamətində nəhəng işlər həyata keçirilir. 

 

Bütün bunlar hakim siyasi təşkilatın qarşıdakı illərdə də üzərinə götürdüyü bütün missiyaları uğurla yerinə yetirəcəyinə möhkəm əminlik yaradır.

 

“Azərbaycan müəllimi”

 



05.03.2023 | 11:00