Rektor yüksək nailiyyətli xanım tələbələrlə görüşüb

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru professor Cəfər Cəfərov 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə universitetdə ötən semestrin imtahan sessiyasında fakültələr üzrə ən yüksək nəticə göstərmiş 10 xanım tələbəni qəbul edib.

 

Görüşdə tələbələri təbrik edən rektor vurğulayıb ki, Pedaqoji Universitetin tələbələrinin böyük hissəsini xanımlar təşkil edir, onlar həm tədrisdə, həm də ictimai həyatda yetərincə uğur qazanır, ali məktəbi nüfuzlu elmi və kütləvi layihələrdə, beynəlxalq mübadilə proqramlarında uğurla təmsil edirlər. Tələbə və məzunların uğurlarının sevindirici olduğunu qeyd edən professor C.Cəfərov diqqətə çatdırıb ki, təhsilalanların ixtisas bilikləri ilə yanaşı, İKT və xarici dil səriştələrinin artırılması qarşıda duran mühüm vəzifələrdəndir. Bildirilib ki, eyni zamanda xanım tələbələrin üzərinə düşən bir vacib missiya da gələcəkdə şagirdlər arasında gender həssaslığını, təhsildə bərabər imkanları təbliğ və təşviq etmək, xüsusən, balaca fidanlara və ailələrə, cəmiyyətə motivasiya qaynağı olmaqdır.

 

Sonda rektor əlamətdar bayram və yüksək nailiyyət qazanmaları münasibəti ilə tələbələrə  “Təşəkkürnamə” və gül dəstələri təqdim edib.

 

 



07.03.2023 | 15:00