Qızların təhsilinə dəstək

Layihədən yararlanan tələbələr təəssüratlarını bölüşürlər

 

Azərbaycanda qızların təhsilinə dəstəyi əks etdirən yeni layihə ölkəmizdə geniş əks-səda doğurub. 2 ildir kiçik miqyasda başlayan, getdikcə böyüyən layihə genişlənərək daha böyük auditoriyada yayılır, qızların təhsili üçün dəstəyi zərurət hesab edənlərin rəğbətini qazanır.  

 

Layihənin davamı olaraq Elm və Təhsil Nazirliyi tabeliyində Təhsilin İnkişafı Fondunun ayırdığı vəsaitlə əksəriyyəti regionlardan olan 25 qız 10 ay ərzində 200 manat məbləğində təqaüd alacaq. Biləsuvar, Masallı, Neftçala, Tərtər, Qusar, Göyçay, Füzuli, Ağcabədi, Bərdə və başqa rayonlardan olan həmin qızlar bu təqaüdlə təmin olunduqlarına görə özlərini şanslı hesab edirlər. Bir onu bilirlər ki, dəstək onlara ən çox ehtiyac duyduqları zamanda verilib.

 

“Azərbaycan müəllimi” qəzeti ötən saylarında oxucularına dəstəyə ehtiyacı olan ailələrin yoxluğa baxmayaraq, oxumaqdan vaz keçməyən universitet tələbəsi qızlarını təqdim edib. Bu dəfə necə məhrumiyyətlərdən sonra da oxumaq həvəsi olan, peşə sahibi olmaq cəhdlərini qətiyyətlə davam etdirən  “kollecli qızları” təqdim edirik.

 

Turanə Quliyeva: “Müraciət etmişdim ki, imkansızlıq üzündən təhsilim yarımçıq qalmasın”

 

İstənilən dəstəyə ehtiyac duyan qızlardan biri Turanə Quliyevadır.  O, Bakı Biznes və Kooperasiya Kollecinin III kurs tələbəsidir.

 

2003-cü il təvəllüdlü Turanə 4 uşaqlı ailədə doğulub, amma taleyin oyununa bax ki, ailəsindən də böyük olan Uşaq Evində böyüyüb. Artıq gənclik çağına çatan qızın indiyə qədərki həyatı heç asan olmayıb: “İmkansızlıq üzündən uşaq evində böyüdüm. Anam məni, bacımı və qardaşımı uşaq evinə yerləşdirməyə məcbur oldu. Uşaq Evi ilə danışmışdı, hər həftəsonunu, bayramlarda ya anam bizə baş çəkir, ya da biz onun yanına gedirdik. Özü ilə yalnız ən kiçik - körpə yaşında olan qardaşımızı saxlamışdı”.

 

“Bizdən imtina etmədi, müvəqqəti uşaq evinə verdi”, - deyərək anasının çarəsizliyini anlatmağa çalışır: “Rusiyada yaşayırdıq. Sonra anam bizi götürüb Azərbaycana gəldi. Burada birdən-birə nə edəcəyini bilmədi. Anam bizimlə bütün çətinliklərə baxmayaraq, Uşaq evində də maraqlandı, yalnız və kimsəsiz buraxmadı”.

 

IX sinfi bitirən yeniyetmə peşə təhsili müəssisələrinə qəbulda iştirak edib və 7 nömrəli Bakı Peşə Liseyinə qəbul olunub. Ancaq burada oxuya bilməyib və təhsilini yarımçıq qoymalı olub. Daha sonra orta ixtisas təhsili müəssisələrinə qəbulda iştirak edib və Biznes və Kooperasiya Kollecinə qəbul olunub. Arxiv işi və kargüzarlıq ixtisası üzrə ödənişli təhsil alması ilə qayğıları artıb, təhsil haqqının ödənilməsində çətinliklər yaşayıb. O özü çarə tapmaq üçün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə müraciət edib: “Müraciət etmişdim ki, imkansızlıq üzündən təhsilim yarımçıq qalmasın. 1100 manat illik təhsil haqqı ödəməli idim”.

 

Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə etdiyi müraciət nəticə verib. Təhsil haqqı problemi həll olunub: “Əslən Qazaxdanıq. Anam kiçik qardaşımla Ağstafada yaşayır. Bacımla mən evimiz olmadığından Bakıda anamın dayısı ilə yaşayırıq. Fevral ayında ilk dəfə təqaüd aldım. Düzü, nə olduğunu bilmirdim. Mənə 200 manat göndərdilər. Çox sağ olsunlar, o qədər çox ehtiyacım vardı ki...”.

 

Nuray Həsənova: “Bu layihəyə başlayanlara çox təşəkkür edirəm”

 

Nuray Həsənova isə Zərdab rayonundandır. 2003-cü ildə doğulan 20 yaşlı gənc hazırda tələbədir. Mingəçevir Turizm Kollecində təhsil alır: “Əslində, mən 2020-ci ildə tələbə adı qazandım. Turizm mehmanxana təsərrüfatının təşkili ixtisası üzrə 1 il dərslərə onlayn qoşulsam da, növbəti dərs ilindən əyani təhsilə davam edə bilmədim. Maddi imkansızlıq səbəbindən bir il akademik məzuniyyət götürməli oldum”.

 

Nuray üçün onu akademik məzuniyyət götürüb təhsilinə ara verməyə məcbur edən səbəblər barədə danışmaq, onu yaşamaq qədər ağırdır: “Atamla anam ayrılıblar. Anam zəhmətkeş qadındır. Təkbaşına bütün problemlərimizin öhdəsindən gəlməyə çalışır. Amma nə qədər çalışsa da, məni 2021-ci ildə təhsilimi davam etdirməyim üçün Mingəçevirə göndərə bilmədi”.

 

2022-ci ildə yenidənbərpa ərizəsi verərək dərslərinə davam etmək istəyini bildirib. Amma təhsil müəssisəsində də vəziyyət onun buraxdığı kimi qalmamışdı: “Mən Kollecə qayıdanda qəbul olunub oxuduğum  qrup dağılmışdı. Ona görə başqa ixtisas üzrə - Turizm işinin təşkili ixtisası üzrə təhsil almağa başladım. Bu ixtisas üzrə gələn il təhsilim başa çatır”.

 

Nuray aldığı dəstəkdən sonra təhsilə daha ürəklə sarılıb: “Təhsilimi tamamladıqdan sonra sənədlərimi ali məktəbə təqdim edəcəyəm. Burdan əldə edəcəyim təhsil sənədi ali məktəbə müsabiqədənkənar qəbul imkanı verir və mən bu hüququmdan yararlanmaq istəyirəm”.

 

Ən böyük sevinci yenidən təhsilinin yarımçıq qalmayacağıdır: “Belə bir vaxtda Fondun təşkil olunması, dövlətimizin, xalqımızın, insanlarımızın  mənim və mənim kimi onlarla çarəsiz qızın təhsilinə dəstək olduğunu bilmək cəsarətimi artırdı. Aldığım 200 manat təqaüd mənim burada həyatımı asanlaşdırdı.  Fondu yaradanlara, “Qızların təhsilinə dəstək” layihəsinə başlayanlara bu qədər faydalı işlə məşğul olduqlarına görə çox təşəkkür edirəm”.

 

Ruhiyyə DAŞSALAHLI

 



10.03.2023 | 11:02