Universitet müəllimlərinin rəsm sərgisi

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) müəllimlərinin rəsm əsərlərinin sərgisi keçirilib. AzMİU-nun sərgi salonunda keçirilən sərgidə universitet rəhbərliyi, müəllimlər və tələbələr iştirak ediblər.

 

Rektor professor Gülçöhrə Məmmədova əsərləri sərgilənən müəllimləri təbrik edib və bildirib ki, bu sərgilərin əhəmiyyəti çox böyükdür: “Hər zaman universitetimizdə müəllimlərin sərgisi təşkil olunub. Son illər pandemiyaya görə fasilə verilmişdi və bu gün ənənəyə uyğun olaraq yenidən sərgi təşkil olunub. Bu ənənəni qoruyub saxlamaq lazımdır. Çünki bu sərgilər müəllimlərimizin fərdi istedadının inkişafına təkan verir. Müəllimlərin istedadlarının nümayişi tələbələrin motivasiyası üçün də çox vacibdir. Hesab edirəm ki, sərgiləri izləyən tələbələr də öz istedadlarını inkişaf etdirmək istəyəcəklər”.

 

Memarlıq fakültəsinin dekanı professor Zahidə Məmmədova və fakültənin müəllimi, əməkdar memar Yaşar Səmədov da çıxış edərək sərginin əhəmiyyətinə diqqət çəkiblər.

 

Sonra sərgiyə baxış keçirilib, təşkilatçılar, eləcə də müəlliflər tərəfindən sərgi iştirakçılarına əsərlər haqqında məlumat verilib.

 

Qeyd edək ki, sərgidə AzMİU-nun 9 müəlliminin ümumilikdə 42 əsəri nümayiş olunub. Yağlı boya ilə kətan və kağız üzərində çəkilən əsərlərdə müxtəlif mövzulara toxunulub.

 

 



10.03.2023 | 18:13