“Özəl Sektorun İnkişafı və Texniki Peşə Təhsili və Təlimi” layihəsi

Ötən həftə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti tərəfindən həyata keçirilən Cənubi Qafqazda “Özəl Sektorun İnkişafı və Texniki Peşə Təhsili və Təlimi” proqramının Azərbaycan üzrə yekun konfransı təşkil olunub.

 

Konfransda İqtisadiyyat Nazirliyi, Elm və Təhsil Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Turizm Agentliyinin Azərbaycan Turizm Bürosu, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Peşə Təhsili üzrə Dövlət Agentliyi, Dövlət Məşğulluq Agentliyi, Aqrar İnnovasiyalar Mərkəzi, Nəqliyyat Təlim-Tədris Mərkəzi və bir sıra digər dövlət qurumları, beynəlxalq təşkilatlar iştirak ediblər.

 

Qeyd edilib ki, Azərbaycanda 383 müəssisə və startapı əhatə edən layihə üzrə mühüm nəticələr əldə edilib. 7 uzunmüddətli və 14 qısamüddətli, səriştə əsaslı peşə ixtisasları hazırlanıb, 600-dən çox tələbə duala bənzər kurslara daxil olub, 296 tələbə işlə təmin olunub, 373 müəllim təlimlər alıb və 177 özəl müəssisə peşə təhsil müəssisələri ilə əməkdaşlıq əlaqələri qurub. 

 

Tədbirdə, həmçinin, özəl sektorun və texniki peşə təhsilinin inkişafı istiqamətində görülən işlər haqqında fikir mübadiləsi aparılıb.

 

 “Özəl Sektorun İnkişafı və Texniki Peşə Təhsili və Təlimi”  proqramı Almaniyanın İqtisadi Əməkdaşlıq və İnkişaf üzrə Federal Nazirliyi tərəfindən və Avropa İttifaqı ilə birgə maliyyələşdirilib, Alman Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti  tərəfindən 2017-2023-cü illər ərzində Cənubi Qafqazın üç ölkəsində həyata keçirilib. Proqram turizm, kənd təsərrüfatı, logistika və nəqliyyat sektorlarına hədəflənərək dayanıqlı iqtisadi inkişaf üçün şəraitin yaxşılaşdırılması məqsədini daşıyıb.

 

 



16.03.2023 | 12:00