MDU-da “Novruz bayramı”

Mingəçevir Dövlət Universitetində (MDU) Novruz bayramı münasibətilə tədbir keçirilib. Universitetin həyətində təşkil olunan tədbirdə MDU-nun Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış məzunlarının valideynləri, İctimai Nəzarət Şurasının üzvləri, əməkdaşlar, tələbə və magistrantlar iştirak ediblər.

 

Tədbirdə rektor Şahin Bayramov çıxış edərək İlaxır çərşənbəsi və Novruz bayramı münasibətilə bütün MDU ailəsi üzvlərini və qonaqları təbrik edib, onlara ən xoş arzularını bildirib.

 

MDU-nun humanitar fənlər kafedrasının əməkdaşı Rahilə Məmmədova Novruz bayramının tarixi, əsas xüsusiyyətləri, adət və ənənələri barədə ətraflı məlumat verib.

 

Sonra Vətən müharibəsi iştirakçısı olmuş MDU əməkdaşlarına Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı tərəfindən çap olunan “Qəhrəman təhsil işçiləri” kitabı hədiyyə edilib və bayram tonqalı yandırılıb. MDU-nun gənc əməkdaşları və tələbələrinin təqdimatında Novruz bayramına həsr olunan müxtəlif musiqilər səsləndirilib, rəqslər ifa olunub və səhnəciklər nümayiş etdirilib. Böyük maraqla qarşılanan tədbirin sonunda xatirə şəkilləri çəkdirilib.

 

Qeyd edək ki, tədbirdən əvvəl yazın gəlişi münasibətilə universitetin həyətində ağacəkmə aksiyası da keçirilib.

 

 



16.03.2023 | 17:39