BMU-nun əməkdaşı Astanada keçirilən regional konfransda

Bakı Mühəndislik Universitetinin (BMU) sənaye mühəndisliyi kafedrasının dosenti, universitetin Texnoparkında fəaliyyət göstərən “Yeni fikir” layihəsinin rəhbəri İsa Qasımov intellektual fəaliyyətin nəticələrinin kommersiyalaşdırılması sahəsində texnoparkların səlahiyyətlərinin artırılmasına dair Astanada keçirilən regional konfransda iştirak edib.

 

Ümumdünya Əqli Mülkiyyət Təşkilatı və Avrasiya Patent Təşkilatının (EAPO) birgə təşkil etdiyi konfransa Azərbaycanla yanaşı, Belarus, Qırğızıstan, Rusiya, Tacikistan, Türkmənistan və Ermənistan nümayəndə heyətləri qatılıb.

 

Konfransda innovasiya ekosisteminin, o cümlədən universitetlər, elmi tədqiqat institutları, texnoparklar və biznes inkubasiya (akselerasiya) mərkəzlərinin inkişafında intellektual kapitalın aktuallığı və rolu ilə bağlı məruzələr dinlənilib, müzakirələr aparılıb.

 

Toplantıda “Qanunun yaradılması ilə bağlı problemlər və imkanlar: texnoparklarda əqli mülkiyyət idarəçiliyinin əsasları”, “İnstitusional əqli mülkiyyət siyasətinin məzmunu: inkişaf üçün 10 qayda”, “Əqli mülkiyyət hüquq sahiblərinin tərifi – Belarus Respublikasında mövcud imkanlar”, “EAPO Üzv Dövlətlərində Texnologiya Parklarında əqli mülkiyyət siyasətləri üzrə təcrübə” və s. istiqamətlər üzrə sessiyalar baş tutub.

 

Qeyd edək ki, Avrasiya Patent Təşkilatı tərəfindən həyata keçirilən intellektual fəaliyyətin nəticələrinin kommersiyalaşdırılması sahəsində texnoparkların səlahiyyətlərinin artırılmasına dair regional maarifləndirici görüşlərin davam etdirilməsi nəzərdə tutulur.

 



27.03.2023 | 13:20