Paytaxt məktəblilərinin Özbəkistana səfəri başa çatıb

OCEP layihəsi çərçivəsində Bakı şəhəri 53 nömrəli tam orta məktəbin müəllim və şagirdlərindən ibarət nümayəndə heyətinin Özbəkistana səfəri başa çatıb.

 

Səfər çərçivəsində məktəbin nümayəndə heyəti Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdində Heydər Əliyev adına Mədəniyyət Mərkəzini ziyarət edib. Mərkəzin direktoru Samir Abbasov qonaqlara Ümummilli Lider Heydər Əliyevin adını daşıyan Mədəniyyət Mərkəzinin Azərbaycan-Özbəkistan dostluq münasibətləri və mədəni əlaqələrin inkişafı istiqamətindəki fəaliyyəti və həyata keçirdiyi layihələr haqqında məlumat verib. Nümayəndə heyəti Mədəniyyət Mərkəzində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar açılan Azərbaycan-Özbəkistan Dostluq Muzeyi, habelə Heydər Əliyev, Azərbaycan tarixi və Xalça muzeyləri ilə tanış olublar.

 

Daha sonra Mədəniyyət Mərkəzinin konfrans zalında 53 nömrəli tam orta məktəbin şagirdləri bədii proqramla çıxış ediblər. Şagirdlər milli rəqslərimizi ifa edib, fortepianoda Azərbaycan və Özbəkistanın dövlət himnlərini, Azərbaycan bəstəkarlarının əsərlərini səsləndiriblər.

 

Daşkənd şəhərindəki Prezident Məktəbinə səfər edən 53 nömrəli orta məktəbin nümayəndə heyəti məktəbin təhsil sistemi ilə yaxından tanış olub, məktəbin STEAM, komputer, fizika, kimya otağına və idman zallarına baxış keçirib.

 

Səfər çərçivəsində məktəb nümayəndələrini və şagirdləri Azərbaycan Respublikasının Özbəkistandakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Quliyev qəbul edib. Qəbul zamanı səfir ölkələrimiz arasında qardaşlıq münasibətlər və hər iki ölkə başçısı tərəfindən xalqların dostluq şəraitində yaşaması üçün gördükləri işlər haqqında danışıb.

 

Həmçinin səfər zamanı 53 nömrəli orta məktəblə Özbəkistanın Əl Biruni adına beynəlxalq orta məktəbi arasında müqavilə imzalanıb.

 

Azərbaycan nümayəndə heyəti və məktəblilər Daşkənddə yerləşən Özbəkistan Olimpiya Komitəsinə, həmçinin Özbəkistanın tarixi şəhərləri olan Buxara və Səmərqəndə də səfər ediblər.

 

Qeyd edək ki, Elm və Təhsil Nazirliyinin Milli Olimpiya Komitəsi ilə birgə həyata keçirdiyi OCEP layihəsi çərçivəsində 53 nömrəli tam orta məktəbin müəllim və şagird heyəti ilə yanaşı Milli Olimpiya Komitəsinin Beynəlxalq proqramlar idarəsinin məsləhətçisi Ceyhun Rəhmanov və OCEP layihəsi üzrə koordinator Namiq Cəfərov da səfərdə olublar.

 

 



28.03.2023 | 09:51