“Azərbaycan dili və ədəbiyyat tədrisi”

Elm və Təhsil Nazirliyinin “Azərbaycan dili və ədəbiyyat tədrisi” jurnalı 1954-cü il iyun ayının 15-i “Azərbaycan məktəbi” jurnalının metodik əlavəsi olaraq təsis edilmişdir. 1990-cı il dekabr ayının 3-dən etibarən Azərbaycan Respublikası Təhsil Nazirliyinin müstəqil elmi-metodik nəşri olaraq “Ana sözu”adı ilə dərc edilməyə başlayan jurnal, 1997-ci il aprel ayının 2-dən “Azərbaycan dili və ədəbiyyat tədrisi” adı ilə yenidən nəşrinə davam edir. Jurnal Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən nəşrlər sırasına daxildir. “Azərbaycan dili və ədəbiyyat tədrisi” jurnalı il ərzində 4 dəfə dərc edilən, resenziyalı, açıq girişli elmi-metodik nəşrdir. Jurnalın cari 2023-cü ilin 1-ci (275) sayı artıq çapa hazırdır.

 

Jurnalın bu sayında “Metodika”,“Dilçilik məsələləri”,“Qrammatika”, “Əhməd Cavad”, “Ədəbi Mühit” rubrikaları altında 13 məqalə dərc edilmişdir.

 

“Metodika” bölməsi ilə başlayan bu sayda, pedaqogika üzrə fəlsəfə doktoru, dosent, Əməkdar müəllim Bilal Həsənlinin “Ədəbiyyat dərslərində bədii əsərlərin təhlili və ifadəli oxusu üzrə bacarıqların əlaqələndirilməsinə dair”adlı məqaləsi yer almışdır. Məqalədə ədəbiyyat dərslərində təlim materiallarının öyrədilməsi nümunəsində şagirdlərdə bədii əsərləri təhlil etmək və ifadəli oxu bacarıqlarının formalaşdırılması üzrə iş metodikasından bəhs edilir.

 

Pedaqogika üzrə fəlsəfə doktoru, dosent Soltan Hüseynoğlunun həmin rubrikada yer alan “Təlim texnologiyası-keys-metod” başlıqlı məqaləsi yeni təlim texnologiyalardan hesab olunan keys-metodla bağlı tədqiqat əsərləri və onlar haqqındakı fikirlərə münasibətindən bəhs edilir.

 

“Ali məktəblərdə sadə cümlə və onun növlərinin tədrisinin aktual problemləri” bu rubrikada dərc olunan sonuncu məqalədir. Filologiya üzrə fəlsəfə doktoru, dosent Gülarə Abdullayevanın müəllifi olduğu yazıda  sadə cümlə və onun növlərinin müxtəlif prinsiplər əsasında təsnifinə uyğun olaraq tədrisi prosesində nəzərə çarpan problemlər və onların həlli yolları araşdırılır, yeni təlim texnologiyalarından istifadə metodları şərh edilir.

 

Filologiya üzrə fəlsəfə doktoru Rəcəb Xıdırovun “Özbək dilinin sinxron söz düzəltmələrinin inkişafında tacik dilindən alınma sözlərin təsiri” adlı məqaləsi “Dilçilik məsələləri” bölməsində oxuculara təqdim olunmuşdur. Yazıda tacik dilinin affiks, prefiks, şəkilçi və müstəqil sözlərin özbək dili tərəfindən qəbul edilməsini sübut etmək üçün konkret misallardan istifadə edilmiş, həmçinin köməkçi elementlərin bu dildə 7 növ söz əmələgətirmə nümunəsi dətəqdim olunmuşdur.

 

Bu bölmədə dərc edilən növbəti məqalə “Omonimik hadisə olan omoformlar və onların üslubi imkanları (dastanlar əsasında)”adlanır. Bakı Avrasiya Universitetinin magistrantı Aytac Rəcəblinin müəllifi olduğu bu yazıda dastanlar əsasında omonimik hadisə olan omoformlar və onların üslubi imkanları əhatəli olaraq araşdırılmışdır.

 

Bakı Avrasiya Universitetinin magistrantı Zülfüqar Novruzovun qələmə aldığı “Kitabi-Dədə Qorqud” dastanında işlənən qoşmaların qrammatik-semantik xüsusiyyətləri” “Dilçilik məsələləri” bölməsində dərc edilən sonuncu məqalədir. Dastanda dilin bütün səviyyələrinə (fonetik, leksik, qrammatik, sintaktik) aid çox sayda nümunələr verilmiş, əsas nitq hissələri ilə yanaşı, 76 köməkçi nitq hissəsi, əsasən də xeyli sayda qoşma və bağlayıcılardan istifadə olunması qeyd edilmişdir.

 

Növbəti “Qrammatika” rubrikasında dərc olunan “Nitq inkişafının sintaktik təlimində cümlə və onun tədrisinin rolu” adlı yazının müəllifi Azərbaycan Dövlət Pedaqoji Universitetinın magistrantı Fidan Əhmədlidir. Məqalədə dilin ən böyük vahidlərindən olan cümlənin nitqin inkişafındakı rolundan bəhs olunur.

 

Bakı Avrasiya Universitetinin magistrantıTərlan Abdullayevanın “Bədən üzvləri ilə bağlı olan frazeoloji birləşmələr” adlı məqaləsi də bu rubrikada dərc olunmuşdur. Yazıda bədii ədəbiyyatda istifadə edilən bədən üzvləri ilə bağlı frazeoloji birləşmələr araşdırılmış və verilən nümunələr əsasında mövzu tədqiqata cəlb edilmişdir.

 

Bakı Avrasiya Universitetinin magistrantı  Rəvanə Qasımovanın qələmə aldığı “Arxaizmlərin semantikasında baş verən dəyişmələr” “Qrammatika” rubrikasında dərc olunan sonuncu məqalədir. Yazıda verilən nümunələr əsasında arxaizmlərin məna daralmasına və genişlənməsinə diqqət çəkilir.

 

Yeni rubrikamız Əhməd Cavadın 130 illiyinə həsr olunub. Bu rubrikada filologiya üzrə elmlər doktoru, professor Sədaqət Həsənovanın “Əhməd Cavad və ədəbi dilimiz” və filologiya üzrə fəlsəfə doktoru, dosent Ədalət Abbasovun “Əhməd Cavad poeziyasında poetik sintaksis haqqında bəzi qeydlər (“Səsli qız” poeması əsasında)” adlı məqalələri dərc olunmuşdur.

 

Bu sayın sonuncu “Ədəbi mühit” rubrikasında filologiya elmləri doktoru, professor Minaxanım Nuriyeva/Təkləlinin müəllifi olduğu “Şair Şahnigar xanım Rəncurun ədəbi portreti” adlı məqaləsi yer almışdır. Yazıda bu qəbildən olan mütəfəkkir şairimiz - Azərbaycanda və Amasiyada (Türkiyə) yaşamış Mir Həmzə Nigarinin sadiq davamçılarından Şahnigar xanım Rəncurun həyatı, ədəbi fəaliyyəti  haqqında məlumat verilib.

 

“Ədəbi mühit”rubrikasının sonunda, 234 nömrəli tam orta məktəbin Əməkdar müəllimi Kəmalə Əliyevanın “Uşaq və gənclərin misilsiz sərvət və güc mənbəyi olan milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi” adlı məqaləsi yer alır. Yazıda bəşər tarixində özünəməxsus adət-ənənələri, yüksək mənəvi keyfiyyətləri ilə seçilən Azərbaycan xalqının minillik dərin köklərə malik milli-mənəvi dəyərlərinin təbliğ olunmasından söz açılır.

 

Məqalələr ilə daha ətraflı tall.edu.az saytından tanış olmaq olar.

 

Yarandığı gündən aktuallığı və oxunaqlığı ilə seçilən, ziyalılarımızın stolüstü kitabına çevrilən “Azərbaycan dili və ədəbiyyat tədrisi” jurnalı hazırda da öz ənənəsini qoruyur. Dilçiliyin və ədəbiyyatşünaslığın bütün sahələrinə aid yüksək keyfiyyətli elmi məqalələr dərc edən jurnal türk, ingilis və rus dillərində də orijinal məqalələrin nəşrini həyata keçirir. “Azərbaycan dili və ədəbiyyat tədrisi” jurnalı tədqiqat işlərinin sərbəst şəkildə ictimaiyyətə təqdim edilməsinin daha geniş və qlobal bilik mübadiləsini dəstəkləməsi prinsipi əsasında fəaliyyət göstərən açıq girişi təmin edən (Open-Access) resenziyalı elmi-metodik nəşr kimi elmi ictimaiyyət, dilçi-alimlər, filologiya sahəsi üzrə mütəxəssislər, doktorant və magistrantlar, Azərbaycan dili və ədəbiyyat müəllimləri və uyğun ixtisas üzrə təhsil alan tələbələr üçün nəzərdə tutulmuşdur. Bu məqsədlə jurnalın rəsmi internet saytı (www.tall.edu.az) yaradılmış və geniş oxucu kütləsinin istifadəsinə verilmişdir. Çap olunan bütün məqalələr Creative Commons Attribution-Non Commercial 4.0 International (CC-BY-NC4.0) lisenziyasının şərtləri əsasında yayımlanır.Saytda jurnalın tarixi, məqsədi, redaksiya heyəti və üzvləri, o cümlədən yeniliklər haqqında da məlumatlar verilir. Müəlliflərlə yüksək səviyyəli elmi məqalələrin dərci üçün Məqalə çağırışı bölməsi vasitəsilə əlaqə yaradılır. Müəlliflik hüquqları və ədalətlilik prinsipləri daima redaksiya tərəfindən qorunur. Redaktor və ya redaksiya heyətinin hər bir ədəbi üzvü təqdim edilmiş əlyazmalara məxfi sənədlər kimi baxır, məqalə haqqındakı məlumatı müvafiq müəllif, rəyçilər və naşirdən başqa heç kimə açıqlamır. “Azərbaycan dili və ədəbiyyat tədrisi” jurnalının uğurlu nailiyyətlərindən biri də arxivinin yaradılmasıdır. Fəaliyyətə başladığı ildən (1954) bu günə qədərki bütün sayları saytın “Arxiv” səhifəsində yerləşdirilmişdir.

 

Hal-hazırda jurnal Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Təhsil İnstitutu, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Dövlət Pedaqoji Universiteti, ETN-nin “Azərbaycan məktəbi” və “Məktəbəqədər və ibtidai təhsil” jurnalları ilə tərəfdaşlıq edir.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə istiqlal şairi Əhməd Cavadın anadan olmasının 130 illik yubileyi  2022-ci ildə ölkə səviyyəsində qeyd edilmişdir. Bu münasibətlə “Azərbaycan dili və ədəbiyyat tədrisi” redaksiyası da “Əhməd Cavad-130” adlı tədbir keçirmişdir. Tədbirdə Azərbaycanın dilçi alimləri, ədəbiyyatşünasları, ziyalıları iştirak etmiş, böyük sənətkarın yaradıcılığı və fəaliyyəti haqqında geniş müzakirələr aparmışlar.

 

Jurnalın son dövrlər əldə etdiyi uğurlu nailiyyətləri sırasına Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasına daxil olmağı və bir çox tanınmış beynəlxalq bazalarda xülasələndirmə və indekslənməsi məsələsi aid olmuşdur:

 

1. ERIH PLUS

2. IndexCopernicus

3. MIAR

4. Idealonline

5. DRJI

6. ASOS indeks

7. International Scientific Indexing ISI

8. AdvancedSciencesIndex

9. Calameo.com

10. Academia.edu

11. Archive.org

12. İstina

13. Issuu

14. ReadEra.org

15. Yumpu.com

16. Scribd.com

17. CiteFactor

18. AcademicResearchIndex/

      ResearchBib

19. RootIndexing

20.EurasianScientificJournalIndex

21. JournalsDirectory

22. SJIF

23. ROAD

 

Ümid edirik ki, redaksiyamızın nailiyyətləri bununla bitməyəcək, dilimizin saflığı və işləkliyi, tədqiqi və təbliği yolunda olan fəaliyyətimiz daimi olacaqdır.

 

Sehran SƏFƏROV,

“Azərbaycan dili və ədəbiyyat tədrisi” elmi-metodik jurnalının baş redaktoru

 

 



31.03.2023 | 17:26