Rektor: “1918-ci il soyqırımı hadisələri sonrakı illərdə başqa formada davam etdirilib”

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş anım tədbiri keçirilib.  

 

Universitetin  rektoru professor Gülçöhrə Məmmədova çıxış edərək mart soyqırımının tarixi, siyasi və ideoloji aspektlərindən danışıb. Rektor XX əsrin əvvəllərindən başlayaraq, xüsusilə 1918-ci ildə erməni daşnaklarının xalqımıza qarşı kütləvi qırğınlar törətdiyinə, yaşayış məntəqələrini, məscidləri, tarix  və mədəniyyət abidələrini yerlə yeksan etmələrinə diqqət çəkib.  G.Məmmədova bildirib ki, bu siyasət sonrakı illərdə, xüsusilə 1948-1953-cü illərdə də başqa formada həyata keçirilib və bununla azərbaycanlıların tarixi torpaqlarındakı izlərinin silinməsinə cəhd göstərilib. 

 

Rektor qeyd edib ki, mənfur düşmənin öz havadarları ilə birgə 100 ildən çoxdur davam etdirdiyi işğal, deportasiya və soyqırımı siyasətinə 44 günlük Vətən müharibəsi ilə ağır zərbə vuruldu: “Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Şanlı Azərbaycan Ordusunun qələbəsi nəticəsində tarixi ədalət bərpa olundu və xalqımız “Böyük Qayıdış” proqramı çərçivəsində indi doğma torpaqlarına qayıdır. Bununla belə, biz keçmişi, düşmənin məkirli siyasətini unutmamalı və dövlətimizə qarşı olan təhdidləri doğru analiz edib, bir yumruq kimi birləşməyə davam etməliyik”.

 

Professor G.Məmmədova əlavə edib ki, tarixi keçmişimizin öyrənilməsi vacibdir və AzMİU-da bununla bağlı müxtəlif layihələr, proqramlar icra edilir, tədbirlər keçirilir. 

 

Sonra Müdafiə Nazirliyinin Sənədli və Tədris Filmləri Mərkəzi tərəfindən hazırlanan "31 Mart Soyqırımı" filmi izlənilib. Filimdə soyqırımla  bağlı arxiv materialları, tarixi faktlar, eləcə də alimlərin, ekspertlərin şərhləri yer alıb.

 

 



31.03.2023 | 15:07