ECAR layihəsi çərçivəsində Vilnüsdə toplantı keçirilib

Avropa İttifaqının ERASMUS+ layihəsi çərçivəsində maliyyələşdirilən və Bakı Bisnes Universiteti (BBU) tərəfindən koordinasiya olunan “Azərbaycanda Rektorlar Konfransının yaradılması (ECAR)” layihəsinə tərəfdaş 19 ali təhsil müəssisəsinin iştirakı ilə pilot olaraq təsis edilmiş Tədris və keyfiyyət məslələri üzrə Komitənin üzvlərinin 12-18 mart tarixlərində Litvanın paytaxtı Vilnüs şəhərinə səfəri təşkil olunub. Səfərdə 16 tərəfdaş universitetdən tədris və keyfiyyət təminatına məsul olan 30 nəfər rəhbər şəxs iştirak edib.  

        

Səfər müddətində Tədris və keyfiyyət məsələləri üzrə pilot Komitənin hibrid formada iclası keçirilib.

        

Pilot komitənin sədri, Azərbaycan Dövlət Pedaqoji Universitetinin tədris işləri üzrə prorektoru dosent Eldar Aslanov iclası açaraq, Komitənin yarandığı dövrdən keçən qısa müddətdə görülmüş işlər haqqında məlumat verib. Üzvlərin fəal müzakirəsi ilə Komitənin əsasnaməsi, 2023-cü il üzrə illik iş planı və  komitə üzvü olan ali məktəblər arasında keçirilməsi nəzərdə tutulan sorğu layihəsi qəbul edilib.  Qəbul olunmuş iş planında Azərbaycan ali məktəblərində tədris və keyfiyyət təminatı sahəsində mövcud vəziyyətin təhlili məqsədilə Komitə üzvləri arasında sorğunun keçirilməsi, Azərbaycan ali məktəblərində tədrisin təşkili və daxili keyfiyyət təminatı  ilə bağlı mövcud normativ-hüquqi bazanın araşdırılması, onun təkmilləşdirilməsinə dair təkliflərin hazırlanması, institusional akkreditasiyadan keçmiş ali təhsil müəssisələrinin təcrübəsinin dinlənilməsi, tədris və keyfiyyət təminatı ilə bağlı qabaqcıl təcrübələrin yayılması üçün dinləmələrin təşkili, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin əmək bazarının araşdırılması barədə təhlilinin nəticələrinin müzakirəsi və bəzi ixtisaslar üzrə müasir əmək bazarının tələblərinin dinamikasının sürətli dəyişikliyi, yeni tələblər mövzusunda müzakirənin təşkili, bakalavriat səviyyəsində bəzi ixtisaslar üzrə 3 illik təhsil proqramlarına keçidlə bağlı təkliflərin müzakirəsi, eyni ixtisaslar üzrə 60 kreditlik seçmə fənlər blokuna daxil edilən fənlərin ali məktəblər arasında qarşılıqlı uzlaşmasının və təhlilinin aparılması, ali təhsil müəssisələri arasında uyğun ixtisaslar üzrə Proqram Akkreditasiyası təcrübəsinin bölüşülməsi və ya nümunələrin hazırlanması, magistratura üzrə yeni nəsil dövlət təhsil proqramlarının hazırlanması və s. kimi məsələlər yer alıb.

        

Komitə üzvləri ölkədə ali təhsildə tədris və ümumilikdə keyfiyyətin daha da yüksəldilməsi üçün bütün maraqlı tərəflərlə və layihəyə qoşulmamış universitetlərlə də əməkdaşlıq etməyə hazır olduqlarını bildiriblər.

        

Komitənin iclasında elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli, Mikolo Romerio Universitetinin (MRU) Akademik işlər Mərkəzinin direktoru professor İnqa Yuknite -Perkerikine və MRU-nun  digər məsul əməkdaşları da iştirak ediblər.   

 

 



31.03.2023 | 15:30