Pedaqoji Universitetdə MİQ imtahanlarının analitik təhlili müzakirə olunub

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Elm və Təhsil Nazirliyinin İnsan Resursları şöbəsi tərəfindən 2022-ci il üzrə Müəllimlərin İşə Qəbulu (MİQ) imtahanlarının nəticələrinin analitik təhlilinin müzakirəsi təşkil olunub.

 

ADPU-dan bildirilib ki, bu müzakirələr İnsan Resursları şöbəsi tərəfindən pedaqoji kadr hazırlayan əsas ali təhsil müəssisələrində ardıcıl surətdə təşkil olunur.

 

Tədbirdə ADPU-nun rektoru professor Cəfər Cəfərov son illərdə Pedaqoji Universitetdə aparılan struktur, məzmun və infrastruktur islahatları, habelə məzunların əmək bazarında iştirakına dair görülən tədbirlər haqqında məlumat verib, əsas hədəfin müasir dövrün tələblərinə uyğun, yüksəksəviyyəli müəllim kadrları hazırlamaq və tədqiqat universiteti olaraq, daha geniş fəaliyyət göstərmək olduğunu qeyd edib.

 

Sonra İnsan Resursları şöbəsinin məsul əməkdaşları Tükəzban Quliyeva və Ülvi İsmayılov mövzu üzrə təqdimatla çıxış ediblər. Analitik təhlilə əsasən, MİQ imtahanlarının müsbət nəticələrinin son illərdə artan dinamikaya malik olduğu və Pedaqoji Universitet məzunlarının ilk sıralarda yer aldığı qeyd edilib. Bildirilib ki, artım dinamikasına rəğmən bəzi spesifik ixtisaslara dair müəyyən çatışmazlıqların olması ali təhsil müəssisələrində bu ixtisaslar üzrə məzmun və yanaşmada yeniliklərin tətbiqinə ehtiyac yaradır.

 

Maraqla qarşılanan təqdimatdan sonra professor-müəllim heyətinin çoxsaylı sualları ətrafında müzakirələr aparılıb, analitik təhlilin nəticələrinin gələcək qəbul və tədris planlarının tərtibində önəmli rol oynayacağı vurğulanıb.

 

 



03.04.2023 | 11:31