“Nokia” AzTU-da laboratoriya açacaq

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təşəbbüsü ilə Azərbaycan Texniki Universiteti (AzTU) və "Nokia" şirkəti arasında yeni laboratoriyanın təsis olunmasına dair müqavilə imzalanıb. Müqaviləyə əsasən, AzTU-nun informasiya və telekommunikasiya texnologiyaları fakültəsində "Nokia"nın tam təchiz etdiyi yeni laboratoriya açılacaq.

 

Tərəflər arasında keçirilən görüşdə qurumun sədr əvəzi İnarə Vəliyeva, AzTU-nun rektoru Vilayət Vəliyev, "Nokia" şirkətinin Azərbaycan üzrə rəhbəri Massimiliano Volpe, digər rəsmilər və qurum nümayəndələri iştirak ediblər. Görüşdə yeni laboratoriyanın ölkənin texnoloji inkişafında əhəmiyyətindən söz açılıb, burada yaradılacaq şərait, görüləcək işlərlə bağlı məlumat verilib.

 

İRİA-nın sədr əvəzi İnarə Vəliyeva laboratoriyanın yaradılmasını irəliyə doğru atılmış mühüm addım kimi qiymətləndirib: "Məqsədimiz ilk olaraq universitet daxili tədqiqat və inkişaf mərkəzlərinin formalaşdırılması, eləcə də yeni növ tələblərə cavab verən texniki avadanlıqların iş prinsipi ilə tanışlıq və tətbiq imkanlarının artırılmasını təmin etməkdir. Ümid edirik ki, bu əməkdaşlığın nəticələri bütövlükdə cəmiyyətə fayda verə biləcək yeni həllərin və texnologiyaların inkişaf etdirilməsi üçün geniş imkanlar yaradacaq".

 

Rektor V.Vəliyev AzTU-nun ölkənin qabaqcıl texnologiya universitetinə çevrilməsi üzrə görülən işlərdən danışaraq, açılacaq laboratoriyanın bu istiqamətdə yaradacağı fürsətlərə diqqət çəkib.

 

“Nokia” şirkətinin Azərbaycan üzrə rəhbəri Massimiliano Volpe şirkətin ölkəmizdə gördüyü işlərdən danışıb, laboratoriyada istifadəyə veriləcək avadanlıqlar, tətbiq olunan texnologiyalardan bəhs edib.

 

Qeyd edək ki, ilkin mərhələdə universitetin İnformasiya və telekommunikasiya texnologiyaları fakültəsinin 800-ə yaxın tələbəsinə və müəllim heyətinə avadanlıqlardan düzgün istifadə qaydalarına dair təlimatlar veriləcək. “Nokia” şirkəti ekspertlərinin iştirakı ilə mütəmadi olaraq təlimlər təşkil olunacaq. Eyni zamanda, istifadəyə veriləcək laboratoriya yerli şirkətlərə açıq olacaq ki, bununla da şirkətlər avadanlıqlar üzərində sınaq və təcrübə prosesləri həyata keçirə biləcəklər.

 

 



05.04.2023 | 10:15