“Holcim” şirkəti ilə əməkdaşlığın yeni istiqamətləri müzakirə edilib

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) ilə “Holcim Azərbaycan” Açıq Səhmdar Cəmiyyəti (ASC) arasındakı əməkdaşlıq memorandumu yenilənib. Yeni əməkdaşlıq memorandumunu AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova və “Holcim Azərbaycan” ASC-nin baş direktoru Xalid Samaka imzalayıblar.

 

Bununla əlaqədar olaraq baş direktorun rəhbərlik etdiyi nümayəndə heyəti AzMİU-da olub və əməkdaşlığın yenilənməsi ilə bağlı müzakirələr aparılıb.

 

Memorandumda universitetlə şirkət arasında əməkdaşlığın dərinləşdirilməsi, tələbələrin və gənc alimlərin şirkətin innovativ layihələrinə cəlb edilməsi, birgə elmi-tədqiqat işlərinin aparılması üçün laboratoriyaların maddi-texniki bazasının gücləndirilməsi, elmi-texniki və texnoloji problemləri əhatə edən yeni tədqiqatların aparılması və digər istiqamətlərdə əməkdaşlıq nəzərdə tutulub.

 

Bundan əlavə, AzMİU-nun “Holcim” şirkətinin profilinə uyğun ixtisaslarında təhsil alan tələbələrinin şirkətdə təcrübə və iş imkanları, şirkət əməkdaşları tərəfindən tələbələrə ustad dərslərinin keçirilməsi məsələləri ətrafında da müzakirələr aparılıb.

 

Görüş zamanı, həmçinin AzMİU alimlərinin “Holcim” şirkətinin profilinə uyğun elmi tədqiqatlarına da toxunulub. Şirkət rəhbərliyi qeyd edib ki, “Holcim” AzMİU alimlərinin tədqiqatları, xüsusilə tikinti materialları və bu materialların istehsal texnologiyaları üzrə elmi araşdırmaları ilə yaxından maraqlanır.

 

 



06.04.2023 | 11:12