UFAZ-da Frankofoniya həftəsi

Aprelin 10-dan 14-ə kimi Azərbaycan-Fransız Universitetində (UFAZ) Frankofoniya həftəsi keçiriləcək.

 

Açılış tədirində “Heydər Əliyev - 100 il” münasibətilə sabiq Baş nazir Novruz Məmmədovun təqdimatında “Heydər Əliyev : Azərbaycan-Fransa münasibətləri” adlı konfrans təşkil olunacaq. Novruz Məmmədov 1997-2017-ci illərdə Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin rəhbəri olub. O, Ümummilli Liderin Azərbaycan-Fransa əlaqələrinin inkişafındakı rolu barədə öz fikirlərini  bölüşəcək. Tədbir 10 aprel tarixində, saat 16:30-da UFAZ-ın böyük konfrans zalında olacaq.

 

Aprelin 12-də isə fransız rejissor Flor Vassörün “Bigger Than Us” sənədli filmi nümayiş etdiriləcək. Sənədli filmdə iqlim dəyişiklikləri, bərabərsizliklər, yoxsulluq, müharibə və immiqrasiya problemləri, gənc qəhrəmanların onlarla necə mübarizə apardığı təsvir edilir. Filmin sonunda Strasburq Universitetinin professoru, Ətraf Mühit Hidro-Geokimiya Observatoriyasının rəhbəri, Doktor Marie-Claire Pierret ilə filmin müzakirəsi keçiriləcək.  Nümayiş saat 16:00-da başlayacaq.

 

UFAZ tələbələri hər il olduğu kimi, bu il də Frankofoniya münasibətilə ənənəvi musiqi proqramı hazırlayıblar. Fransız musiqisini sevənlər aprelin 13-də, saat 17:00-da Landmark-ın Rotunda zalında ola bilərlər. 

 

Frankofoniya həftəsinə J.B.Molyerin və M.F.Axundovun teatr pyesləri əsasında hazırlanmış “Müsyo Jordan”  tamaşası ilə yekun vurulacaq. UFAZ tələbələrinin iştirak etdiyi tamaşa universitetdə çalışmış fransız müəllim Lucie Philip tərəfindən səhnələşdirilib. Tamaşa aprelin 14-də, saat 17:30-da Landmark-ın Rotunda zalında nümayiş olunacaq.

 

Bütün tədbirlər ictimaiyyət üçün açıqdır.

 

Bu barədə UFAZ-dan bildirilib.

 



06.04.2023 | 12:07