ADPU-nun Quba filialında şəhid Aqil Məlikovun xatirəsi anılıb

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında Azərbaycan Silahlı Qüvvələrinin zabiti, Vətən müharibəsi şəhidi kapitan Aqil Məlikovun xatirəsinə həsr edilmiş anım tədbiri keçirilib.

 

Tədbirdə Quba rayon icra hakimiyyəti başçısının müavini Səidə Abasova, Quba rayon prokuroru Namiq Muradov, DTX-nın Quba rayon bölməsinin rəisi Elcan Süleymanov, YAP Quba rayon təşkilatının sədr müavini Elxan Məhərrəmov, Quba rayon Mərkəzi Xəstəxanasının Müalicə şöbəsinin müdiri əməkdar həkim Cabir Məmmədov, ADPU-nun Quba filialının direktoru fizika elmləri doktoru, dosent Yusif Alıyev, ehtiyatda olan polkovnik-leytenenat Ayaz Qasımov, şəhidin ailə üzvləri Niyaz Məlikov, Günel Məlikova, Sara Məlikova, Aybəniz Aydəmir, vətənə əmanət olan övladları Xədicə və Süleyman, şəhid ailələri, filialın professor və müəllim heyəti, əməkdaşları iştirak ediblər.

 

Tədbirdə şəhid Aqil Məlikovun həyat və qəhrəmanlıq yoluna həsr olunmuş  videoçarx nümayiş etdirilib. Tələbələr Vətən müharibəsi şəhidlərinin bir qisminin adlarını vurğulayaraq, şəkillərini nümayiş etdiriblər.

 

Açılış nitqi ilə çıxış edən filialın direktoru Yusif Alıyev qeyd edib ki, şəhid ailələri Prezident İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunub. Bildirib ki, bu gün 44 günlük Vətən müharibəsində vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olan kapitan Aqil Məlikovun doğum günüdür. Direktor qeyd edib ki, kapitan Aqil Məlikov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb, Qaraxanbəyli kəndi istiqamətində gedən döyüşdə qəhrəmancasına şəhid olub, Alpan kəndindəki Su Baba qəbiristanlığında dəfn edilib.

 

Daha sonra Quba rayon icra hakimiyyəti başçısının müavini Səidə Abasova çıxış edərək, rayonda şəhid ailələrinə olan xüsusi diqqət və qayğıdan söz açıb.

 

Şəhidin atası Niyaz Məlikov ailəsində yetişən qəhrəmanın uşaqlıqdan şəhadət zirvəsinə ucalan günədək olan qısa və şərəfli ömür yolundan bəhs edib və şəhidlərin xatirəsinə göstərilən diqqətə görə iştirakçılara təşəkkürünü bildirib.

 



07.04.2023 | 16:35