Pedaqoji təcrübə kompleks bir prosesdir

Müasir dövrdə Azərbaycanın müasir düşüncəyə, bacarıqlara malik gənc nəsli yetişir. XXI əsrdə cəmiyyət müstəqil düşünən, ağıllı, bacarıqlı, hərtərəfli şəxsiyyət yetişdirməyi təhsil müəssisələrinin, pedaqoji kadrların qarşısında tələb kimi qoymuşdur. Bu tələblər daim öz bacarıqlarını yeniləməyi bacaran, innovativ, yaradıcı təfəkkürə malik mütəxəssislərin, müəllimlərin, tərbiyəçi-pedaqoqların hazırlanmasını, təhsil sistemində yeniliklər etməyi zəruri bir hala gətirmişdir.

 

Müəllim peşəsinin nüfuzunun artırılması, innovativ təlim metodlarını tətbiq edən, təhsilin məzmununun səmərəli mənimsənilməsini təmin edən səriştəli təhsilverənin formalaşdırılması Azərbaycan Respublikasının  Prezidenti İlham Əliyevin 2013-cü il 24 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın strateji istiqamətlərindən biridir.

 

Bu baxımdan pedaqoji təhsil alan hər bir tələbənin 4 il ərzində öyrəndikləri nəzəri pedoqoji bilikləri məktəb mühitində müşahidə və tətbiq edərək, müəllimlik fəaliyyətinə hazırlanması vacib şərtdir və pedaqoji təcrübə təlim prosesinin ayrılmaz bir hissəsidir.

 

ADPU-nun tədris planında pedaqoji təcrübənin xüsusi yeri vardır.  Artıq bir neçə ildir ki, ADPU rəhbərliyinin təşəbbüsü ilə tələbələrin pedaqoji təcrübə müddətinin vaxtı uzadılmış, eyni zamanda pedaqoji təcrübənin effektivliyini, səmərəliliyini artırmaq məqsədilə bir sıra uğurlu addımlar atılmışdır. 

 

16.02.2023-cü il tarixindən başlayaraq Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) kimya və biologiya fakültəsinin sonuncu tədris ili tələbələrinin pedaqoji təcrübələri başlanmış və hazırda da uğurla davam edir. Tələbələrin təcrübələri Elm və Təhsil Nazirliyinin tabeliyindəki ümumtəhsil müəssisələri ilə yanaşı, Bakı şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumtəhsil müəssisələrində həyata keçirilir.

 

Bu ümumtəhsil müəssisələrindən biri də Bakının Nizami rayonunda yerləşən Yuri Kovolyov adına 229 nömrəli məktəbdir. Bu məktəbdə kimya və biologiya fakültəsinin 14 nəfər tələbəsi “Kimya və biologiya” ixtisasları üzrə pedaqoji təcrübə keçir. Təcrübəçi tələbələr passiv pedaqoji təcrübə müddətində məktəb rəhbərliyi ilə, məktəblə, sinifdəki fəaliyyətlərlə məktəbin maddi-texniki bazası ilə tanış olmuş, şagirdləri, fənn müəllimlərinin dərslərini müşahidə etmişlər. Aktiv pedaqoji təcrübə müddətində isə təhkim olunduqları sinifdə dərs deyən müəllimlərin illik planını, şagirdlərin maraq və ehtiyaclarını nəzərə almaqla sınaq dərsləri hazırlayır, elektron və çap resurslarından, laboratoriya avadanlıqlarından istifadə etməklə uğurlu sınaq dərsləri keçirlər. Təcrübəçi tələbələrdən Baratlı Rüfətin X sinifdə “Ən qədim insanlar”, Cəfərzadə Xanımın IX sinifdə “Düşüncəli fəaliyyət. Nitq. Təfəkkür.”, Fətəliyev Cəlilin IX sinifdə “Yuxu”, Bayramlı Jalənin IX sinifdə “Ali sinir fəaliyyətinin əsas tipləri”, Əhməyeva Məryəmin VIII sinifdə “Orqanizmin böyümə və inkişafı”, Abutalıbova Samirənin IX sinifdə “Xarakter və qabiliyyət”, Abuşova Nərgizin VII sinifdə “Həşəratların müxtəlifliyi və təbiətdə rolu” və s. mövzularda keçdikləri sınaq dərsləri həm şagirdlər, həm fənn metodisti Könül Mahmudova, həm də 229 nömrəli məktəbin rəhbəri Vüsalə Məmmədova, biologiya fənn müəllimi Gülər Əmirova tərəfindən yüksək qiymətləndirilmişdir. Dərsləri müşahidə edən pedaqoji heyət sınaq dərsi deyən tələbələrin təkcə yüksək nəzəri biliklərə malik olmasını deyil, eyni zamanda da yüksək dünyagörüşünə, təfəkkürə malik olduqlarını qeyd etdilər. Tələbələrin sınaq dərslərini həm müasir tələblərə uyğun qurduqlarını, eyni zamanda da şagird fəaliyyətini stimullaşdırmaq, şagirdlərə fərdi yanaşmaq, onların uğurlarını dəstəkləmək, fəaliyyətlərini düzgün istiqamətləndirmək və qiymətləndirmək  kimi xüsusiyyətlərini yüksək qiymətləndirdilər. Eyni zamanda müzakirələr zamanı təcrübəçi tələbələrin əyani vəsaitlərdən düzgün, şagirdlərin öyrənmə tərzini nəzərə almaqla istifadə etmələrinin, mövzuların həyatla əlaqələndirilməsinin xüsusi marağa səbəb olduğunu vurğuladılar.

 

Qeyd edək ki, pedaqoji təcrübə may ayının 24-dək davam edəcək.

 

Şakir CƏFƏROV

 



09.04.2023 | 10:37