“Yüksəliş” də sınaq imtahanında 6469 iştirakçı sualları cavablandırıb

“Yüksəliş” müsabiqəsinin onlayn mərhələsinin ümumi biliklər üzrə sınaq imtahanı keçirilib.

 

“Yüksəliş”dən bildirilib ki, iştirakçıların istənilən məkandan onlayn formada qoşulduqları imtahan saat 11:00 və 16:00 olmaqla, iki sessiyada təşkil edilib.

 

Onlayn mərhələnin ilk sınaq imtahanında 6469 iştirakçı iki sessiyada sualları cavablandırıb. Suallar Azərbaycan və dünya ölkələri üzrə tarix, coğrafiya, ədəbiyyat və mədəniyyət, həmçinin hüquq və iqtisadiyyat sahələri, müasir trendlər olmaqla 4 blok üzrə aparılıb. Hər blok üzrə 25 dəqiqə, ümumi imtahan üçün isə 2 saat vaxt ayrılıb. “Yüksəliş” müsabiqəsi ilə bağlı yaradılmış Çağrı Mərkəzi, sosial şəbəkələr və elektron poçt vasitəsilə müraciətlər cavablandırılaraq iştirakçılara dəstək göstərilib. Ümumi biliklər üzrə onlayn mərhələnin əsas imtahanı aprelin 16-na nəzərdə tutulub.

 

“Yüksəliş” müsabiqəsinin 20 qalibini 1 il ərzində idarəçi rəhbərlərdən – iri şirkətlərin top-menecerlərindən və dövlət orqanlarının rəhbərlərindən fərdi karyera məsləhətləri almaq imkanı, kadr ehtiyatı bankına daxil edilmə və 20 000 AZN dəyərində pul mükafatı gözləyir.

 

 



10.04.2023 | 11:27