Tədris metodikası ilə bağlı qabaqcıl universitetlərin təcrübəsi öyrənilir

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Keyfiyyətə nəzarət mərkəzi tərəfindən “Tədris prosesində müasir metodika  və texnologiyaların tətbiq olunması” adlı silsilə seminarlara yenidən start verilib.

 

Universitetdən bildirilib ki, budəfəki seminarın qonağı su təsərrüfatı və mühəndis kommunikasiyaları sistemləri fakültəsinin mühəndis sistemlərinin və qurğularının tikintisi kafedrasına dəvət olunmuş Türkiyənin Qazi Universitetinin professoru Müslüm Cengiz Taplamacioğlu olub.

 

Qonaq əvvəlcə Qazi Universiteti, orada keyfiyyət təminatı istiqamətində görülən işlər, tədrisin keyfiyyətini artırmaq üçün dərs prosesində müasir metod və üsullar, yeni  yanaşmalar, onların düzgün tətbiqi istiqamətində məsələlərə toxunub.

 

Seminarın sonunda AzMİU-nun tədris işləri üzrə prorektoru professor Akif Qasımov, inşaat fakültəsinin dekanı dosent Sahib Fərzəliyev, mühəndis sistemlərinin və qurğularının tikintisi  kafedrasının müdiri professor Nurməmməd Məmmədov və Keyfiyyətə nəzarət mərkəzinin müdiri dosent Könül Ağayeva çıxış edərək universitetdə bu istiqamətdə görülən işlər barədə məlumat veriblər.

 



11.04.2023 | 15:13