Coğrafiyaçı alim Milli Siyasət Dialoqunda su çatışmazlığı mövzusunda çıxış edib

Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun Qurunun hidrologiyası və su ehtiyatları şöbəsinin müdiri coğrafiya elmləri doktoru, professor Rza Mahmudov Azərbaycanda Su Ehtiyatlarının İnteqrasiyalı İdarəçıliyi üzrə Milli Siyasi Dialoqun  İdarəetmə Komitəsinin 10-cu iclasında iştirak edib.

 

Ölkənin əlaqədar nazirlik və agentliklərinin, açıq səhmdar cəmiyyətlərinin və s. nümayəndələrinin  iştirakı ilə baş tutan görüşün əsas məqsədi Avropa İttifaqı Ətraf Mühit Naminə (EU4Environment) Proqramının su və ekoloji məlumatlar çərçivəsində görülmüş  işlər, planlaşdırılmış tədbirlər, su ehtiyatlarının inteqrasiyalı idarə edilməsi ilə bağlı  məsələlərin müzakirəsi olub.

 

Tədbirdə çıxış edən professor R.Mahmudov Azərbaycanda su çatışmazlığı, sudan istifadə  ilə əlaqədar problemlərdən danışıb, məsələnin kəskin hal aldığını diqqətə çatdırıb. Qonşu ölkələrlə müqayisədə Azərbaycanın az su təminatlı ölkələr sırasında olduğunu vurğulayan alim ölkədə suya olan tələbatın artması, iqlim dəyişmələrinin su ehtiyatlarına təsiri və bununla əlaqədar gələcəkdə Azərbaycanın su ehtiyatında yarana biləcək daha böyük problemlər barədə  proqnoz xarakterli fikirlər söyləyib.

 

Avropa İttifaqının məlumatlar bankının yaradılması və ondan istifadə, məlumatların etibarlılığının yoxlanılması və s. kimi qaldırdığı məsələlərin vacibliyini diqqətə çatdıran professor bununla bağlı elmi müəssisələrin, institutların  problemlərinə aid fikirlərini önə çəkib. Bildirib ki, hidrometeoroloji məlumatların ödənişli olması elmi müəssisələrdə, o cümlədən Coğrafiya İnstitutunda çalışan alim və tədqiqatçıların, doktorantların hidrometeorologiya, iqlim, ətraf mühitin monitorinqi ilə bağlı məlumatları əldə etmələrində böyük maneə yaradır. Halbuki Avropanın məlumatlar bazası hər bir tədqiqatçı mütəxəssis üçün açıqdır və elmin inkişafına xidmət edir.

 

Ümumdünya Meteorologiya Təşkilatının hidrometeorologiya sahəsində tədqiqatların genişlənməsinə, bu sahədə uyğun kadrların hazırlanmasına böyük önəm verdiyini xatırladan professor bütün müvafiq konqres və yığıncaqlarda sözügedən məsələyə həmişə öz fikir və münasibətini bildirdiyini söyləyib.

 

 



11.04.2023 | 16:12