Universitetdə fərdi yaradıcılıq sərgisi

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Sərgi salonunda universitetin təsviri incəsənət kafedrasının əməkdar müəllimi, rəssam Yaşar Səmədovun fərdi yaradıcılıq sərgisi açılıb.

 

Sərgidə çıxış edən AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova Yaşar Səmədovun ömrünün çox hissəsini universitetdə keçirdiyini, enerjisini, istedadını gənc memarların yetişməsinə həsr etdiyini söyləyib. Rektor qeyd edib ki, Y.Səmədov bu illər ərzində özünün şəxsiyyəti, insanlara münasibəti ilə bütün kollektivin dərin hörmətini, məhəbbətini qazanıb.

 

Memarlıq fakültəsinin dekanı professor Zahidə Məmmədova və fakültənin dekan müavini, rəssam Həsən Həsənov da çıxışlarında Y.Səmədov yaradıcılığını yüksək qiymətləndiriblər. 

 

Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev dostu Y.Səmədov şəxsiyyəti və yaradıcılığından danışarkən rəsm əsərlərinin bir-birindən üslub və rəngarəngliyi ilə seçildiyini bildirib. Əsərlərində hər bir janra uyğun kompozisiyasının mövcudluğu, məzmun və quruluş xüsusiyyətləri ilə insanı düşündürməyi bacaran, bu hadisələrə biganə qalmayan rəssam təxəyyülünün şahidi olduğunu vurğulayıb.

 

Sonda Y.Səmədov səmimi sözlərə, təbriklərə görə  bütün  çıxış edənlərə, sərginin təşkilatçılarına minnətdarlığını bildirib.

 

Çıxışlardan sonra sərginin rəmzi  açılışını bildirən qırmızı lent kəsilib, tədbir iştirakçıları Y.Səmədovun rəsm  əsərləri ilə yaxından tanış olublar. Sərgidə müxtəlif janrlarda yağlı boya ilə çəkilmiş tablolar, boyakarlıq və qrafika üslubunda işlənmiş əl işləri təqdim edilib. İncəsənət nümunələrində Azərbaycanın əsrarəngiz təbiəti,  mənəvi dəyərləri güclü rəng çalarları ilə, böyük ustalıqla təsvir olunub. Qrafika ustasının Təbriz və Qarabağ ünvanlı əsərləri hər kəsin zövqünü oxşayıb.

 

Sərgi aprelin 30-na qədər davam edəcək.

 

 



12.04.2023 | 18:15