Azərbaycan-Qazaxıstan əlaqələri daha da möhkəmlənir

İki qardaş xalq olan Azərbaycan və Qazaxıstan arasında diplomatik, mədəni, siyasi, iqtisadi münasibətlər getdikcə möhkəmlənir. Ötən ilin avqustunda Qazaxıstan Prezidenti ölkəmizə səfər etdi və bu səfər zamanı müttəfiqlik əlaqələrinin, strateji tərəfdaşlıq münasibətlərinin dərinləşdirilməsinə dair Bəyannamə imzalandı. Bu həftənin ilk günü isə Prezident İlham Əliyevin Qazaxıstana rəsmi səfəri baş tutdu və paytaxt Astanada əlaqələrin, müttəfiqlik münasibətlərinin möhkəmlənməsinə yönələn bəyanatlar verildi. Həmçinin, iki ölkənin qarşılıqlı əlaqələrinin perspektivləri müzakirə olundu, iqtisadi, mədəni, elmi,  humanitar əməkdaşlığa dair bir sıra sənədlərə imza atıldı.

 

Qarşılıqlı rəsmi səfərlər və razılaşdırılan sənədlər belə deməyə əsas verir ki, Azərbaycan-Qazaxıstan münasibətlərində yeni mərhələ meydana çıxıb, əlaqələrin möhkəmlənməsi üçün davamlı ortaq səylər var,  bu münasibətlərin daim artan xətt üzrə inkişaf etməsi mütləqdir.Çünki söhbət etnik kökləri eyni, dini mənsubiyyəti eyni olan qardaş, dost, həmçinin qonşu ölkələrin münasibətlərinin dərinləşməsi zərurətindən və bu yaxın müttəfiqliyin qorunub saxlanmasından gedir.   

 

Qeyd etmək lazımdır ki, Qazaxıstanla Azərbaycanın ticari-iqtisadi sahədə əməkdaşlığının gözəl nəticələri əldə olunub. Ötən ilin yekunlarına əsasən, ölkələrimiz arasında əmtəə dövriyyəsinin həcmi yarım milyard dollara yaxınlaşıb. Lakin bu kifayətedici deyil, ticari-iqtisadi tərəfdaşlığın potensialının artırılması hər iki tərəf üçün arzuolunandır, bu baxımdan əmtəə dövriyyəsinin milyard dollara çatdırılması hədəflənir və rəsmi görüşlər də bu istiqamətdə real addımların atılmasını sürətləndirməyə xidmət edir.

 

Görünən odur ki, energetika sahəsində əməkdaşlığın genişləndirilməsinə xüsusilə diqqət var. Belə ki, enerji resurslarının dünya bazarlarına çatdırılmasının daha da şaxələndirilməsi ön plandadır və razılaşmalar sayəsində bu il Qazaxıstan neftinin ilk partiyası Azərbaycandan keçməklə dünya bazarlarına göndərilib. Bu, Qazaxıstan neftinin Azərbaycan üzərindən tranzitinin başlanmasıdır, demək ki, Orta Dəhliz layihəsində Qazaxıstan-Azərbaycan əməkdaşlığı yaranır,  ölkələrimizin nəqliyyat-logistika infrastrukturlarının birləşdirilməsi üzrə ciddi işlər start mərhələsinə çatır. Şərq-Qərb marşrutu üzrə yükdaşımaların artırılması əməkdaşlığın perspektivliyini təmin edir və bütün bunlar Azərbaycanla Qazaxıstan arasında müttəfiqlik münasibətlərini konkret məzmunla zənginləşdirmiş olur.

 

Azərbaycan Prezidentinin səfəri zamanı Ali Dövlətlərarası Şuranın təsis edilməsi, sözsüz ki, ikitərəfli münasibətləri kompleks şəkildə möhkəmləndirməyə xidmət edəcək bir sənəddir.

 

Azərbaycanla Qazaxıstan arasında 2022-2026-cı illər üçün əməkdaşlığın inkişafına dair hazırlanan kompleks proqram kənd təsərrüfatı, informasiya texnologiyaları, maliyyə və digər sahələrdə real addımların atılmasını özündə ehtiva edir, hər iki tərəfin sahib olduğu güclü potensial bu əməkdaşlığın şaxələnməsinə əhəmiyyətli təkan vermiş olacaq.

 

Qeyd edək ki, Azərbaycan Prezidentinin iştirakı ilə Astanada Türk dünyasını daha sıx birləşdirmək üçün daim çalışmış, bu idealı dərindən arzulamış Ulu Öndər Heydər Əliyevin adını daşıyan küçənin açılışı görkəmli siyasi xadimin xatirəsinə, habelə bütün Azərbaycan xalqına hörmətin, dostluğun, qardaşlığın əlaməti kimi təntənə qazandı.

 

Eləcə də Qazaxıstan Prezidentinin ölkəmizə səfəri zamanı işğaldan azad edilmiş Füzuli şəhərində qazax xalqının böyük oğlu Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin yaradılması təşəbbüsü ilə çıxış etməsi iki xalq arasındakı gözəl dostluq münasibətlərini simvolizə edirdi və hazırda sürətlə tikilən həmin mərkəzin açılışında Qazaxıstan dövlət rəhbərinin iştirakının arzuolunan olduğu Azərbaycan Prezidentinin Astana görüşlərində ifadə edildi.    

 

Ümumiyyətlə, Azərbaycan və Qazaxıstan istər ikili münasibətlər, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində fəal qarşılıqlı əlaqə saxlayır, bütün məsələlərdə bir-birlərini səmimi dəstəkləyirlər. Onlar yeni yaranmış Türk Dövlətləri Təşkilatı müstəvisində də ortaq mövqedən  çıxış edir, Türk dünyasının birliyi üçün davamlı məsləhətləşmələr aparırlar. Qazaxıstanın regionda sülhün bərqərar olunmasına yönəlmiş prinsipial mövqeyi, Azərbaycanın ərazi bütövlüyünü daim müdafiə etməsi ölkəmiz tərəfindən hər zaman müsbət qiymətləndirilib və bu faktorlar Qazaxıstanla dostluq, qardaşlıq münasibətlərinin gözəl gələcəyinə inamı güclü saxlayır.

 

V.ALLAHVERDİYEVA

 



13.04.2023 | 14:19