Ali məktəblə şirkət əməkdaşlığında yeni istiqamətlər

Bakı Ali Neft Məktəbi (BANM) ilə “PAŞA Sığorta” ASC arasında Əməkdaşlıq haqqında memorandum imzalanıb. Sənədi BANM-in rektoru Elmar Qasımov və “PAŞA Sığorta” ASC-nin İdarə Heyətinin sədri Ülviyyə Cabbarova imzalayıb.

 

Memorandum şirkət tərəfindən müxtəlif istiqamətlərdə bilik mübadiləsi sessiyalarının keçirilməsi, tələbələr üçün istehsalat və ya könüllü təcrübə proqramlarının təşkil edilməsi, şirkət əməkdaşlarının BANM-də qonaq spiker qismində çıxış etmələri, habelə zərurət yarandıqda onların tədris fəaliyyətinə cəlb olunmaları və digər məsələləri nəzərdə tutur.

 

İmzalanma mərasimində çıxış edən rektor E.Qasımov qeyd edib ki, Azərbaycanın sığorta xidmətləri bazarının liderlərindən olan “PAŞA Sığorta” şirkəti ilə BANM arasında 10 ilə yaxındır uğurlu əməkdaşlıq həyata keçirilir. Rektor vurğulayıb ki, imzalanan sənəd əməkdaşlığın yeni istiqamətinin təməlini qoyur və tələbələrin peşəkar inkişafına, onların şirkətdə istehsalat təcrübəsi keçmələrinə, peşəkar mütəxəssislərin bilik və təcrübələrindən faydalanmalarına xidmət edir.

 

“PAŞA Sığorta”nın İdarə Heyətinin sədri Ülviyyə Cabbarova rəhbərlik etdiyi şirkət haqqında məlumat verib, əməkdaşlığın yeni istiqamətinin faydalı olacağına, tərəfdaşlığa töhfə verəcəyinə əminliyini bildirib. Şirkət rəhbəri tələbələrlə bilik və təcrübələrini bölüşəcəklərini, keçiriləcək istehsalat təcrübəsinin onlara faydalı olacağını vurğulayıb.

 



19.04.2023 | 13:24