Tanınmış türk professoru ADPU-nun qonağı olub

Aprelin 15-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “T-Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platforması və ADPU-nun təşkilatçılığı ilə “Təhsildə ənənəvi anlayışlara yeni baxış” mövzusunda beynəlxalq seminar keçirilib. Seminarda təhsil və elm ictimaiyyətinin nümayəndələri, Milli Məclisin deputatları, məktəb direktorları, ali və orta məktəb müəllimləri iştirak ediblər. ADPU-nun rektoru professor Cəfər Cəfərov seminarda çıxış edərək tədbirin əhəmiyyətindən söz açıb, XXI əsrin yeni çağırışlar əsri olduğunu diqqətə çatdırıb.

 

Rektor bildirib ki, xüsusən pedaqoji təhsildə günümüzün süni intellekt çağında daimi tədqiqatların aparılması və müasir yanaşmaların tətbiqi olduqca zəruridir.

 

Seminarda Türkiyə Respublikasının Bahçeşehir Universitetinin təhsil elmləri fakültəsinin dekanı, tanınmış türk professoru Hasan Şimşek ustad dərsi ilə çıxış edib. H.Şimşek təqdimatda 35 illik təhsil təcrübəsinə əsasən müxtəlif ölkə və regionların təhsil sisteminin quruluşunu müqayisəli təhlil edərək, hər bir sistemin üstün və problemli tərəflərini analiz edib, daha yaxşı təhsil üçün şəxsi araşdırmalarının nəticələrinə əsaslanan tezislərini diqqətə çatdırıb.

 

“T-Network” platformasının rəhbəri Cəfər Mənsiminin moderatorluğu ilə davam edən beynəlxalq seminar sual-cavab hissəsi ilə yekunlaşıb.

 

Beynəlxalq seminar əsnasında professor H.Şimşek ADPU-nun rektoru ilə görüşüb, Pedaqoji Universitetdə təhsil və təlim üçün yaradılan şəraitlə yaxından tanış olub, universitetin qonaq kitabına ürək sözlərini yazıb.

 

Məlumat üçün bildirək ki, Hasan Şimşek Təhsilin idarəolunması ixtisası üzrə Orta Doğu Texnik Universitetində (ODTU) bakalavr, ABŞ-ın Minnesota Universitetində magistratura və doktorantura təhsili alıb. ABŞ-dakı “Beynəlxalq Təhsil Platforması” tərəfindən elmi işi “İlin dissertasiyası” mükafatına layiq görülüb. Müəllimlik fəaliyyətinə ODTU-də başlayan H.Şimşek eyni universitetdə professorluğa qədər yüksəlib. ODTU-da təhsil fakültəsinin dekan müavini, təhsil elmləri kafedrasının rəhbəri, həmçinin Bahçeşehir Universitetində prorektor, İstanbul Kültür Universitetində təhsil fakültəsinin yaradıcı dekanı vəzifələrində çalışıb. Türkiyənin Milli Təhsil Nazirliyi və Dünya Bankı tərəfindən reallaşan “Milli Təhsilin İnkişafı” layihəsində məsləhətçi, Türkiyənin Ali Təhsil Şurasının Dünya Bankı ilə birgə icra etdiyi “Müəllim hazırlığı” layihəsində idarəçi olaraq çalışıb.

 

Beynəlxalq jurnal və kitablarda təhsilin idarəolunması, ali təhsil, təhsil liderliyi, təşkilati dəyişiklik, araşdırma metodları, planlaşdırma və digər mövzularda professorun məqalələri və kitabları yayımlanıb.“Türkiyənin dövlət məktəbi niyə hədəfdədir: Yeni Liberal və Yeni Mühafizəkar Taktikalar”, “Keyfiyyətin idarəolunması”, “Paradiqmalar müharibəsi və beşinci dalğa: sosial dövlətin və yeni liberalizmin hekayəsi”, “Sosial elmlərdə keyfiyyət araşdırması metodları” Hasan Şimşekin kitablarından bir neçəsidir.

 

Lamiyə ƏLİMƏRDANOVA

 



21.04.2023 | 10:16