“Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyeva: həkimlik andı və vətəndaş missiyası”

Aprelin 19-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əsas binasında görkəmli oftalmoloq-alim, Əməkdar elm xadimi, akademik Zərifə Əliyevanın anadan olmasının 100 illik yubileyinə həsr edilmiş “Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyeva: həkimlik andı və vətəndaş missiyası” mövzusunda yubiley tədbiri keçirilib.

 

AMEA-nın və Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdən öncə iştirakçılar Fəxri xiyabanda müasir Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarlarını ziyarət edib, önünə gül dəstələri düzüblər.

 

Tədbiri giriş sözü ilə açan  AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Azərbaycan oftalmologiya elminin inkişafında böyük xidmətləri olmuş akademik Zərifə Əliyevanın həyat və fəaliyyəti haqqında danışıb. Akademik İsa Həbibbəyli qeyd edib ki, Zərifə xanım Əliyeva görkəmli elm və dövlət xadimi Əziz Əliyevin ailəsində göz açmışdır. Görkəmli oftalmoloq Azərbaycan xalqının Ümummilli Lideri, dünyaşöhrətli dövlət xadimi Heydər Əliyevin həyatına tam mənası ilə dəstək verməsi, onun çoxşaxəli fəaliyyətində böyük silahdaş olması nümunəsini göstərib. Zərifə xanım Əliyevanın elmi fəaliyyətindən söz açan İsa Həbibbəyli böyük alimin elmi tədqiqatlarından danışıb. Bildirib ki, alim öz elmi araşdırmaları ilə qısa müddətdə ölkəmizdə və xaricdə böyük şöhrət qazanmışdır.

 

Tədbirdə çıxış edən səhiyyə naziri Teymur Musayev 2023-cü ilin əlamətdar bir il olduğunu-Azərbaycan tarixinə adları qızıl hərflərlə yazılmış iki böyük şəxsiyyətin - dahi siyasi xadim, müasir Azərbaycanın memarı və qurucusu, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın elm və təbabət tarixində silinməz izlər qoymuş görkəmli alim və həkim, Əməkdar elm xadimi, akademik Zərifə xanım Əliyevanın anadan olmalarının 100 illik yubileyidir. Azərbaycan tibb elminə xüsusi töhfələr verən Zərifə xanım Əliyevanın həyat və yaradıcılığından söhbət açan səhiyyə naziri Teymur Musayev akademikin elmi irsinin zənginliyindən danışıb.

 

Tədbirdə çıxış edənlər - AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova və başqaları  görkəmli alim Zərifə xanım Əliyevanın fəaliyyətindən söz açıblar.

 

Niyazi RƏHİMOV

 

 



21.04.2023 | 10:49