Dərs, yarış, əyləncə...

“Azərbaycan” səslənir. Səməd Vurğunun məşhur şeirini dünyanın nüfuzlu, türk dünyasının əbədiyaşar liderlərindən biri, azərbaycanlıların dahi şəxsiyyəti Heydər Əliyev səsləndirir. Növbəti bəndləri Aysu Vəliyeva, sonra Nuray Qurbanlı, Nuray Nəbiyeva, Turan Quliyeva, daha sonra Ayşən Tanrıverdiyeva, Tunar Ələkbərov, nəhayət Hüseyn Sadıqov davam etdirir. Şagirdlərin hər biri özünəməxsus ifa etdiyi bəndlər üçün xüsusi fəallıq göstərir, şeiri adının işığına yığışdıqları Ulu Öndərə sonsuz sevgi ilə davam etdirməyə çalışırlar. Sanki “Azərbaycan” deyəndə səsi titrəyən bəşəri liderdən Azərbaycan sevgisini təhvil alırlar...

 

Onlar Qazax rayonundakı Qarapapaq kənd ümumi orta məktəbinin VII sinif şagirdləri, kənd məktəbinin ürəyində, Heydər Əliyev sevgisi ilə yanaşı, həm də ədəbiyyat, mütaliə sevgisi, qiraət həvəsi olan yetirmələridir. Dərs onların dərsidir, amma iştirakçı, sadəcə onlar deyillər. Çünki bu, bir dərs deyil, həm də yarışdır. 6, 7 və 8-ci sinif şagirdlərinin qatıldığı yarışı məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Səyalı Əliyeva Heydər Əliyevin 100 illiyinə həsr edib: “Şagirdlərimizə Heydər Əliyev sevgisi aşılamağın ən yaxşı yoludur, məncə. Onlar Ulu Öndərimizi böyüklərdən eşidir, görüntülərdən tanıyır. Amma ürəklərdə yaşayan, şeirlərdə, nəğmələrdə yaşadılan bir lideri hiss etmək üçün onu anladan, ifadə edən şeirləri əzbərləyib təqdim etmələrini istədim onlardan. Şeir seçimini də özlərinə həvalə elədim. Müsabiqə üçün şeir seçənə qədər Heydər Əliyevə həsr olunan onlarla şeir oxudular. Aralarından ən ürəklərinə yatanını da özləri seçdilər”.

 

Bəs, müsabiqə təşkilatçısı olan fənn müəllimi iştirakçıları necə seçib?

 

S.Əliyeva deyir ki, məktəbdə bu 3 sinifdə dərs aparır. Müsabiqə barədə tədris həyata keçirdiyi siniflərə 1 həftə əvvəl elan edib: “Özümün dərs keçdiyim siniflərdə elan etdim ki, ürəyində bəslədiyi Heydər Əliyev sevgisini kim daha yaxşı ifadə etsə, onu mükafatlandıracağam. Elan mətnini hazırlayıb sinif otaqlarına asdım. Bunun üçün də 1 həftə vaxt verdim. VII sinif şagirdləri arasında ədəbiyyata marağı olan uşaqlar üstünlük təşkil edir. Onlarla birgə işləməyin dərs dediyim digər siniflərdə - 6 və 8-ci siniflərdə də effektini görəcəyimi düşündüm. Üstəlik, yarışaraq öyrənmək maraqlı olduğu qədər, yaddaqalan və stimullaşdırıcıdır. Nəinki hədiyyə qazanmaq, sadəcə qalib olmaq həvəsi belə şagirdlərimi öz ana dilini, ədəbiyyatı oxumağa həvəsləndirəcək, Heydər Əliyevi beyinlərinə əbədi həkk etdirəcək”.

 

Mövzu bəlli olub: “Ədəbiyyatda Heydər Əliyev”. Sinif otaqlarında asılan elandan çox keçmədən bu yarışın iştirakçıları da müəyyənləşib: VI sinifdən 2 nəfər, VII sinifdən 7 nəfər, VIII sinifdən isə 1nəfər iddialı çıxıb. 

 

Bir həftəlik qızğın hazırlıq şagirdlərlə yanaşı, müəllimin özü üçün də həyəcanlı keçib: “Ümummilli Liderimiz qeyri-adi bacarıqları, ağlı, siyasi qabiliyyəti, uzaqgörən qərarları ilə yanaşı, həm də özünəməxsusluğu ilə xalqın qəlbində taxt qurub. Ona həsr olunan layihə də sıradan olmamalıydı. Ona görə də hər detal üzərində ayrıca işlədim. Hədiyyə seçərkən də, diploma hazırlayarkən də atdığım hər addımın şagirdlərim üçün nəsə ifadə etməsinə çalışdım. Müsabiqənin standart formatda olmaması üçün əlimdən gələni etdim. Nəticədə ortaya çıxan dərs, həm bir yarış oldu, həm də Heydər Əliyevə həsr olunan gecəyə çevrildi”.

 

Heydər Əliyevin səsi, görüntüləri, onunla bağlı seçilən süjetlerin hər biri dahi lideri anlatdı. Unudulmaz liderin ədəbiyyatda buraxdığı iz anbaan üzə çıxdı, gözlərdə canlandı. Heydər Əliyev danışdı, şagirdlər ona rəy bildirdi, sözünə qüvvət verdi. Bir növ liderləriylə danışdılar, düşüncələrini paylaşdılar. Lider necə olur? Heydər Əliyev nəyi ilə liderdir? Xalq onu niyə sevir? - kimi sualların cavabları ilə bağlı artıq onların hər birinin öz düşüncəsi var. Məsələn, Baba Vəziroğlunun “Sən elə bir zirvəsən” şeri ilə qalib seçilən VII sinif şagirdi Ayşən deyir: “Heydər Əliyev uşaqları sevirdi, uşaqlarla danışanda uşaq kimi olurdu. Onunla bağlı çoxlu şeirlər oxumuşam, videolara baxmışam. Ulu Öndərimizin şeir deməyini dinlədim, hətta mahnı oxuduğunu gördüm videoların birində. Məncə, xalq Heydər Əliyevi onlardan biri kimi davrandığı üçün sevib. Onu mən də sevirəm”.

 

Müsabiqənin münsiflər heyətində iştirak edən məktəbin direktoru Şəhla Bayramova şagirdləri fəal iştiraklarına - maraqlı şeir seçiminə, gözəl qiraət qabiliyyətlərinə görə təbrik edib: “Seçdiyiniz şeirlər həm maraqlı idi, həm də Ulu Öndərimizi çox doğru anladırdı. Belə bir maraqlı dərsə görə sizi də, müəlliminizi də təbrik edirəm. Məni elə həvəsləndirdiniz ki, lap sizə qoşulub şeir demək istədim. Deyəsən, növbəti yarışda mən də sizə rəqib olacağam”.

 

Dediyi kimi, həvəslənən məktəb direktoru özünün Ulu Öndərə həsr etdiyi şeirini dedi. Onun şeiri də şagirdləri üçün maraqlı oldu.

 

Münsiflərin qərarı ilə  VIII sinifdə təhsil alan 3 şagird fərqləndirildi: Ayşən Tanrıverdiyeva, Aysu Vəliyeva və Nuray Nəbiyeva ilk üçlükdə qərarlaşaraq müsabiqənin qalibi seçildilər. Amma bu dərsin qalibi çoxdur. Kənd məktəbində Heydər Əliyev dərsi həm yaddaqalan, həm də maraqlı idi.

 

Ruhiyyə DAŞSALAHLI

 



21.04.2023 | 12:23