“Azərbaycan məktəbi” jurnalının yeni sayı işıq üzü görüb

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin “Azərbaycan məktəbi” jurnalının 2023-cü ildə ilk nömrəsi “Heydər Əliyev İli”nə həsr olunub.  Jurnalın bu nömrəsinin ilk məqaləsi pedaqogika elmləri doktoru, professor İntiqam Cəbrayılovun “Azərbaycan tarixinin Heydər Əliyev mərhələsi: tarixi irsə konseptual baxış” yazısıdır. Məqalədə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin siyasi və dövlət xadimi kimi fəaliyyətindən bəhs olunur.  Heydər Əliyevin həyatı və fəaliyyəti Azərbaycan tarixinin xüsusi bir mərhələsi kimi təhlil edilir.

 

Pedaqogika üzrə elmlər doktoru, professor Hümeyir Əhmədovun “Təhsil sisteminin maliyyələşdirilməsi prosesi təhsilin inkişafı üzrə dövlət strategiyasının əsas istiqamətlərindən biri kimi” adlı məqaləsi  sözügedən prosesə baxışdan bəhs edir və müqayisəli təhlili ilə diqqət mərkəzində dayanır.

 

Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi Afət Süleymanova məqaləsini “Pedaqoji təhsilin məzmun və texnologiyalarının mərhələli təşkilinin yeni modeli və əldə edilmiş nəticələr” mövzusuna həsr edib.

 

Pedaqogika üzrə elmlər doktoru, professor Piralı Əliyevin “Təhsilalanların narkotik vasitələrdən və psixotrop maddələrdən qorunması üzrə işin təşkili” adlı məqaləsi keçirilmiş sorğuların təhlili əsasında qurulub, nəticələr diaqram və cədvəllərlə təqdim edilib.

 

Azərbaycan Dövlət Pedaqoji Universitetinin magistrantı, Bakı şəhəri Nizami Sərxanov adına 256 nömrəli tam orta məktəbin coğrafiya müəllimi Günəş Abbasovanın “ICILS Beynəlxalq  Qiymətləndirmə nəticələrinin təhlili və təhsilin idarə olunmasında rolu” başlıqlı məqaləsi  ICILS Beynəlxalq qiymətləndirmə sistemi haqqında söhbət açır. Şagirdlərin XXI əsrin tələblərinə uyğun kompüter və informasiya sahəsi üzrə bilik və bacarıqlarını, bu bacarıqlara yiyələnmək üçün lazım olan ev və məktəb mühitini qiymətləndirməyə imkan verən sistemin nəticələrindən səmərəli istifadə  yollarını göstərir.

 

Azərbaycan Respublikasının Əməkdar müəllimi, pedaqogika elmləri doktoru, dosent Kamal Camalov jurnalın bu sayında “Tədris işinin təşkilində didaktik konsepsiya və paradiqmaların öyrənilməsi yolları” adlı məqalə təqdim edib.

 

Bakı-Fransız Liseyi Təhsil Kompleksinin Azərbaycan dili və ədəbiyyat müəllimi Fidan Sarıbəyli “Universitet muxtariyyəti: maliyyə, akademik və inzibati perspektivdən yanaşma” başlıqlı məqaləsində akademik dünyanın rasional və rəqabətli təbiətinin əsasını təşkil edən universitet dünyasının muxtariyyətinin təhsilin inkişafına təsirindən danışır.

 

Azərbaycan Dövlət Pedaqoji Universitetinin fizikanın tədrisi texnologiyası kafedrasının doktorantı Cavid Tapdıqlı “VII sinifdə fizikadan qüvvəyə aid bəzi mövzuların tədrisində virtual laboratoriya işlərindən istifadə texnologiyası” haqqında məqalə təqdim edib.

 

Filologiya üzrə fəlsəfə doktoru, Bakı Mühəndislik Universitetinin Azərbaycan dili və pedaqogika kafedrasının dosenti Zabitə Teymurlunun “Effektiv təqdimatın linqvistik, psixolinqvistik meyarları və nitqin strukturu” adlı məqaləsində fikrin düzgün çatdırılmasında bu meyarlardan düzgün istifadə yolları araşdırılır.

 

Ümummilli Lider Heydər Əliyevin Azərbaycan uşaq ədəbiyyatında obrazı filologiya üzrə fəlsəfə doktoru, dosent, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi katibi Aygün Bağırlının “Azərbaycan uşaq şeirində Heydər Əliyev obrazı: tarixi gerçəkliyin bədii inikası” məqaləsinin əsas qayəsini təşkil edir.

 

Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru, filologiya elmləri doktoru Yaqub Babayevin “Tuyuğ: janrın təşəkkülü, təkamülü və klassik poeziyada mövqeyi” məqaləsi diqqəti cəlb edir. Burada təxminən XII-XIII əsrlərdə formalaşmış, XIV əsrdə türkdilli poeziyada yetkin nümunələri ilə zəmanəmizə qədər gəlib çatmış, əruz vəznində yazılmış nümunələrdən bəhs olunur.

 

Filologiya üzrə fəlsəfə doktoru, ADPU-nun filologiya fakültəsinin ədəbiyyatın tədrisi texnologiyası kafedrasının baş müəllimi Ülkər Baxşıyeva maraqlı bir mövzuya toxunub: “Nizami Gəncəvi yaradıcılığında təlim-tərbiyə, əxlaqi-didaktik məsələlər və ənənə problemləri”. Məqalədə Nizami yaradıcılığının qayəsini təşkil edən humanizm və kamil insan fəlsəfəsinin mahiyyəti və onun tərbiyə məqamlarındakı rolu araşdırılıb.

 

Pedaqoji elmlər doktoru, professor, ADPU-nun İbtidai təhsilin pedaqogikası kafedrasının müdiri, Əməkdar elm xadimi Fərrux Rüstəmovun “Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şuşa filialı (1989-1992-ci illər)” məqaləsi filialın fəaliyyətinə həsr edilib.

 

Qeyd etmək lazımdır ki, elmi-nəzəri və pedaqoji nəşr kimi “Azərbaycan məktəbi” jurnalı 1924-cü ildən Azərbaycan, ingilis, türk və rus dillərində nəşr olunur. Təhsil idarəçiliyi, təhsil fəlsəfəsi və təhsil nəzəriyyəsi, təhsil siyasəti, kurikulum, təhsil texnologiyaları, pedaqogika, təhsilin sosiologiyası, təhsil tarixi, xüsusi təhsil, muəllim hazırlığı, qiymətləndirmə və s. tədqiqat sahələri üzrə milli təhsil sisteminin bütün pillələrini əhatə edən orijinal məqalələr, təhsillə bağlı yerli və xarici nəşriyyatlarda çap olunan kitablar haqqında icmallar jurnalın səhifələrində yer alır.

 

Jurnalın yeni sayı ilə aşağıdakı keçiddən tanış ola bilərsiniz:

https://as-journal.edu.az/uploads/files/2023/04/az-mektebi-n1-2023.pdf

 



21.04.2023 | 14:09