“Tarix yaradan DAHİ”

Şəki şəhər 14 nömrəli tam orta məktəbdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “Tarix yaradan dahi”  adlı tədbir keçirilib.

 

Şəki-Zaqatala Regional Təhsil İdarəsindən daxil olan məlumata görə, tədbirdə RTİ-nin işçiləri, Şəki Şəhər İcra Hakimiyyətinin, Şəki şəhər Gənclər və İdman İdarəsinin, Şəki rayonu üzrə təhsil sektorunun, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Şəki rayon komitəsinin əməkdaşları, Vətən müharibəsi iştirakçıları, valideynlər və şagirdlər iştirak ediblər.

 

Tədbir Dövlət Himninin səsləndirilməsi, Ulu Öndərin və Vətən şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

 

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru İradə Abdullayeva qonaqları salamlayaraq Ulu Öndərin xatirəsinin nəsillərin yaddaşında hər zaman yaşayacağını bildirib. Məktəb direktoru Heydər Əliyevin təməlini qoyduğu sosial-iqtisadi inkişaf strategiyasının bu gün uğurla davam etdirildiyini, Ümummilli Liderin zəngin irsinin təbliğinin şagirdlərin müvafiq biliklərinin daha da zənginləşdirilməsinə zəmin yaratdığını diqqətə çatdırıb.

 

Tədbirdə çıxış edən RTİ-nin müdir müavini Günay Mahmudova müasir Azərbaycanın memarı Heydər Əliyevin zəngin həyat və fəaliyyətindən, Vətən və xalq qarşısındakı misilsiz xidmətlərindən bəhs edib. G.Mahmudova bildirib ki, dahi lider Heydər Əliyevin müdrikliyi, siyasi iradəsi, uzaqgörənliyi nəticəsində digər istiqamətlərdə olduğu kimi, təhsil sahəsində də böyük nailiyyətlər əldə olunub.

 

Ulu Öndər Heydər Əliyevin təhsilə daim böyük önəm verdiyini deyən G.Mahmudova Ümummilli Liderin ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini diqqətə çatdırıb.

 

Sonra Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

 

Tədbirdə şagirdlər dahi şəxsiyyət Heydər Əliyevə həsr olunmuş şeir söyləyib, ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.

 

Şakir CƏFƏROV

 



22.04.2023 | 11:17