ADPU-nun magistrantı Litva universitetində tədqiqat aparır

Erasmus+ beynəlxalq mübadilə proqramı çərçivəsində Litvanın Vytautas Magnus Universitetində təhsilini davam etdirən Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) magistrantı Aqşin Əlizadə qazandığı təcrübə və Litvada təhsil mühiti ilə bağlı öz təəssüratlarını bölüşüb:

 

“1922-ci ildə əsası qoyulan bu universitet Litvanın ən qədim universitetlərindədir. Universitetin kampusları ölkənin iki böyük şəhərində - paytaxt Vilnüs və mədəniyyət mərkəzi olan Kaunasda yerləşir.

 

Litvadakı təhsil haqqında onu deyə bilərəm ki, dərsin tədris olunmasında, əsasən, praktiki üsullara üstünlük verilir. Universitetin bütün auditoriyaları texniki avadanlıqlarla  təmin olunub. Böyük və zəngin kitabxanada tələbələrə ortaq zal və ayrıca otaqlar təklif olunur. Bu otaqlar əvvəlcədən onlayn qaydada rezerv edilə bilir.

 

Bu beynəlxalq proqramda iştirak edərək, xarici universitetdə təhsil almağın üstünlükləri təkcə qazanacağımız biliklər deyil, eyni zamanda müxtəlif ölkələrin mədəniyyətləri, təhsil sistemi ilə yaxından tanış olma fürsəti yaratmasıdır. Bunların içərisindən ən uyğununu və ya daha yaxşısını ölkəmizdə tətbiq etməyə çalışmalıyıq. Bu baxımdan üstünlükləri anlayır, məsuliyyəti dərk edir və buna uyğun təhsilimi davam etdirirəm. Hazırda magistr dissertasiya işi yazıram. Dissertasiya işimi yekunlaşdırdıqdan  sonra burada mənə təyin olunan rəhbərə təqdim edəcəyəm. Növbəti mərhələləri artıq vətənimizdə - professor-müəllim heyətimizlə Pedaqoji Universitetdə davam etdirəcəyəm.

 

Hər bir tələbəyə tövsiyə edərdim ki,  bacardıqları qədər tələbəlik illərini səmərəli dəyərləndirsinlər və ən azından bir dəfə, Erasmus+ və ya digər beynəlxalq proqramlara müraciət etsinlər.”

 

 



25.04.2023 | 15:09