ECAR layihəsi çərçivəsində növbəti iclas ADPU-da keçirilib

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “ERASMUS+ K2” proqramı üzrə “Azərbaycanda Rektorlar Konfransının yaradılması” (ECAR) adlı layihə çərçivəsində Elmi işlər üzrə komitənin iclası keçirilib. Hibrid formada keçirilmiş tədbirdə layihə üzrə tərəfdaş ali məktəblərin sözügedən komitənin üzvü olan məsul şəxsləri iştirak ediblər.

 

ADPU-nun elm və innovasiyalar üzrə prorektoru professor Asəf Zamanov professor müəllim heyəti, Tələbə Elmi Cəmiyyətinin fəaliyyəti, elmi işlərin təşkili ilə bağlı mövcud vəziyyət haqqında danışıb, universitetin hazırkı təcrübəsini bölüşüb, təkliflərini bildirib.

 

Layihə çərçivəsində yaradılmış Elmi işlər üzrə komitənin sədri, Bakı Mühəndislik Universitetinin elmi işlər üzrə prorektoru dosent  Elçin Süleymanov vurğulayıb ki, iclas komitənin 2023-cü il üçün iş planına uyğun olaraq keçirilir və əsas məsələ Azərbaycan ali təhsil müəssisələrində Tələbə Elmi Cəmiyyətinin fəaliyyətinin təşkili, elmi işlərin təşkili ilə bağlı mövcud normativ-hüquqi bazanın araşdırılması və onun təkmilləşdirilməsinə dair təkliflərin hazırlanmasına həsr olunub.

 

Daha sonra layihə üzrə tərəfdaş ali məktəblərin, o cümlədən iclasa onlayn formada qoşulan region universitetlərinin prorektorları çıxış edərək universitetlərin mövcud vəziyyəti haqqında məlumat verib, təkliflər səsləndiriblər.

 

Qeyd edək ki, 2021-2024-cü illəri əhatə edən və Bakı Biznes Universitetinin koordinatoru olduğu ECAR layihəsi Avropa Komissiyası tərəfindən maliyyələşdirilir. Layihədə 15 yerli tərəfdaş universitet və Avropadan olan ali məktəblər, təşkilatlar iştirak edirlər. Əsas məqsədlərdən biri Azərbaycanda Rektorlar Konfransının yaradılması ilə yerli və Avropanın ali məktəbləri arasında sıx əməkdaşlığın qurulmasına, inkişaf etdirilməsinə nail olmaqdır.  

 



25.04.2023 | 16:34