UNEC ilə Sankt-Peterburq Dövlət İqtisad Universiteti birgə tədbir keçirib

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və Sankt-Peterburq Dövlət İqtisad Universiteti Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Sankt-Peterburq şəhərində “Azərbaycan və Rusiya arasında əməkdaşlığın inkişafında Heydər Əliyevin rolu” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirib.

 

Beynəlxalq konfransda UNEC rektoru professor Ədalət Muradovun rəhbərlik etdiyi nümayəndə heyəti, Rusiya və Azərbaycanın dövlət nümayəndələri, ictimai xadimlər, rus və azərbaycanlı icmaların nümayəndələri, tədqiqatçı və ekspertlər iştirak ediblər.

 

Sankt-Peterburq Dövlət İqtisad Universitetinin (SPbDİU) rektoru professor  İqor Maksimtsev konfransın açılışında çıxış edərək, Azərbaycan ilə Rusiya arasındakı əməkdaşlıq münasibətlərindən danışıb. Bu qarşılıqlı əməkdaşlıqda universitetlərin xüsusi rolunu diqqətə çatdırıb.

 

Rektor Ə.Muradov 2023-cü ilin Azərbaycanda “Heydər Əliyev İli” elan edilməsini vurğulayaraq, dünyanın müxtəlif ölkələrində Ümummilli Liderə həsr olunmuş tədbirlərin keçirildiyini bildirib. Konfransın Sankt- Peterburq şəhərindən keçirilməsinin iki əsas məqamını diqqətə çatdıran rektor Ulu Öndərin bir zamanlar bu şəhərdə ali təhsil aldığını iştirakçıların diqqətinə çatdırıb. Həmçinin UNEC-in  əvvəllər SPbDİU-nun Bakı şəhərindəki filialı kimi fəaliyyət göstərdiyini qeyd edib. Ə.Muradov konfransın hər iki universitet arasında yeni əməkdaşlığın inkişafına töhfələr verəcəyinə əminliyini ifadə edib.

 

Konfransda UNEC ilə Sankt-Peterburq Dövlət İqtisad Universitetinin rektorları arasında strateji tərəfdaşlıq haqqında saziş imzalanıb. Sənədə əsasən, tərəflər arasında müəllim və tələbələrin akademik mübadilələrinin stimullaşdırılması, birgə təhsil proqramlarının hazırlanması, elmi konfransların təşkili, tədqiqatların aparılması və elmi məqalələrin nəşri nəzərdə tutulub.

 



25.04.2023 | 20:04