Kopenhagen Universitet Kollecinin müəllimləri Pedaqoji Universitetdə olublar

Danimarkanın Kopenhagen Universitet Kollecinin (UCC) müəllimləri Lise Halkier və Lotte Klint Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) olublar. Məqsəd ADPU rəhbərliyi və professor-müəllim heyəti ilə əməkdaşlığın genişləndirilməsi istiqamətində müzakirələr aparmaq, təqdimatlar keçirmək, Bakıdakı uşaq bağçalarına, sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi təhsil müəssisələri və orta təhsil məktəblərinə baş çəkərək onların fəaliyyəti ilə yaxından tanış olmaq, bilik və təcrübə mübadiləsi aparmaqdır.

 

Qonaqlar ADPU-nun rektoru professor Cəfər Cəfərov, tədris işləri üzrə prorektoru dosent Eldar Aslanov və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Günay Məhərrəmova ilə  görüşüb, Pedaqoji Universitetdə Heydər Əliyevin 100 illiyinə həsr olunmuş kitab sərgisində iştirak edib, “Danimarkada uşaq bağçası ənənəsi və oyun əsaslı təlim” mövzusunda təqdimat ediblər. Bundan əlavə, UCC nümayəndələri məktəbəqədər təhsil və ibtidai təhsil fakültələrinin rəhbərliyi, müəllimləri və tələbələri ilə görüşlər keçirərək bilik mübadiləsi aparıb, sağlamlıq imkanları məhdud uşaqlar üçün 268 saylı məktəbi, “Qərənfil” körpələr evi – uşaq bağçasını və 6 saylı məktəb-liseyi ziyarət ediblər. Sözügedən görüşlər zamanı danimarkalı tələbələrin Erasmus+ mübadilə proqramı çərçivəsində ADPU-da təhsil almaq və ziyarət etdikləri təhsil müəssisələrində təcrübə keçmək imkanları araşdırılıb.

 



26.04.2023 | 10:44