Kosmik hava durumu və proqnozu açıqlanıb

Şamaxı Astrofizika Rəsədxanası Kosmik hava durumu və proqnozunu açıqlayıb. 

 

Kosmik hava durumu ilə bağlı bildirilib ki, hesabat dövrü ərzində maksimum aktivlik 3283 oblastında M 1.7 sinifli alışma olub. Həmin alışmaya bağlı Yerə istiqamətənmiş Tac Kütlə Atılması (CME) qeyd edilib. Hazırda Günəş səthində 7 ləkə qrupu var, ləkələrin sayı artıb, aktiv ləkələrin sayı isə azalaraq 88 olub. Aprelin 24-də baş vermiş növbəti CME-nin (Coronal Mass Ejections - Tac Kütlə Atılmaları) Yerə istiqaməti təhlil olunur. Hal-hazırda Günəşin səthində tac dəliyi müşahidə edilir.

 

Enerjisi 2 MeV-dən çox olan elektron seli normal və orta səviyyədə olub. Enerjisi 10 MeV-dən çox enerjili proton seli həftə ərzində qeyri-stabil olub, 21 apreldə isə baş vermiş CME-nin təsiri ilə 26 pfu-ya qədər yüksəlib və S1 səviyyəli radiasiya qasırğası qeydə alınıb.

 

Hesabat dövründə Günəş küləyinin sürəti 1083 km/s-yə çatıb. Hal-hazırda Günəş küləyinin sürəti bir qədər azalaraq 544.8 km/s olub. Planetlərarası maqnit sahəsinin qiyməti qasırğa zamanı maksimum artaraq 34 nT, radial istiqamətdə isə 33 nT olub. Hal-hazırda isə Yer orbitində planetlərarası maqnit sahəsinin qiyməti 10.27 nT, radial istiqamətdə isə 4.7 nT təşkil edir.

 

Hesabat dövründə 21 apreldə baş vermış Yerə istiqamətlənmiş CME səbəbli 23-24 aprel tarixlərində geomaqnit qasırğası baş verib, müəyyən periodlarda qasırğanın gücü G4 səviyyəsinə kimi yüksəlib.

 

Kosmik hava proqnozuna gəlincə, proqnoz günlərində (25-30 aprel) C sinif alışmanın baş vermə ehtimalı 55%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 15%, X (R3)  sinif isə 1% təşkil edir.

 

2 MeV-dən çox enerjili elektron selinin yüksək səviyyəyə qalxacağı, enerjisi 10 MeV-dən çox olan proton selinin isə proqnoz dövründə fon səviyyəsində olacağı ehtimal olunur. S1 və daha yüksək səviyyəli radiasiya qasırğasının baş vermə ehtimalı 1% təşkil edir.

 

Günəş küləyinin mənfi qütblü CH HSS (Coronal Hole High Speed Streams - Tac Dəliklərindən çıxan Yüksək Sürətli Zərrəciklər selinin) təsiri ilə sürətini saxlayacağı və aprelin 27-də CME-nin təsirinin də əlavə oluna biləcəyi gözlənilir.

 

21 apreldə baş vermiş CME-nin təsiri davam etdiyindən, hal-hazırda Kp indeksi 2 olsa belə,  G1 (zəif) səviyyəli qasırğa ola bilər, ardınca isə mənfi qütblü CH HSS və dünən baş vermiş CME-nin təsiri ilə qeyri-stabil kosmik hava şəraiti proqnozlaşdırılır.



26.04.2023 | 12:03