“Müstəqil Azərbaycanın memarı” adlı beynəlxalq elmi konfrans

Aprelin 26-da Bakı Dövlət Universiteti (BDU), Yeni Azərbaycan Partiyası (YAP) və Ankara Universitetinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan "Müstəqil Azərbaycanın memarı" adlı beynəlxalq elmi konfrans öz işinə başlayıb. 

 

Konfransdan əvvəl tədbir iştirakçıları Fəxri xiyabanda ümummilli liderin xatirəsini yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar. 

 

Beynəlxalq elmi konfrans Dövlət Himninin səsləndirilməsi ilə öz işinə başlayıb. Daha sonra ulu öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

 

Giriş nitqi ilə çıxış edən YAP sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bildirib ki, müasir, müstəqil Azərbaycan Heydər Əliyevin zəngin milli-mənəvi dəyərlərə və çoxəsrlik dövlətçilik ənənələrinə malik xalqımıza ən böyük tarixi və mənəvi-siyasi mirasıdır. Tahir Budaqov qeyd edib ki, ümummilli liderin xalqın firavan gələcəyi və dövlətin parlaq perspektivləri naminə müstəsna xidmətlərindən biri də siyasi varisliyin təmin olunmasıdır. 

 

Sonra çıxış edən BDU-nun rektoru Elçin Babayev deyib ki, ümummilli lider öz soy-kökünə, milli-mənəvi dəyərlərə söykənərək misilsiz xidmətlər göstərib. 

 

Tədbir çərçivəsində ulu öndər Heydər Əliyevin həyat və yaradıcılığından bəhs edən videoçarx nümayiş olunub. 

 

Baş nazirin müavini, YAP sədrinin müavini Əli Əhmədov bildirib ki, ulu öndərin qurduğu Azərbaycan bu gün daha qüdrətli və güclü dövlət kimi beynəlxalq aləmdə öz sözünü deyə bilir. Bundan sonra da Azərbaycan dövləti beynəlxalq aləmdə güclü mövqeyini davam etdirəcək. 

 

Elm və təhsil naziri Emin Əmrullayev isə çıxışında vurğulayıb ki, yüz illik dövrdə elm və təhsil adına əldə etdiyimiz dinamika məhz ötən əsrin 70-80-ci illərində qeydə alınıb. Bildirib ki, 1970-ci ildən başlayaraq 15 minə yaxın gəncin ölkədən kənarda təhsil almasının dəstəklənməsi məhz Heydər Əliyevin dövründə olub. 

 

Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli qeyd edib ki, ümummilli liderin müstəqil Azərbaycan uğrunda mübarizədə yeri əvəzolunmazdır. 

 

Çıxış edən Ankara Universitetinin prorektoru Hasan Serdar Öztürk isə ulu öndər Heydər Əliyevi “türk dünyasının ən böyük liderlərindən biri” adlandırıb və onun tarixi xidmətlərinin unudulmaz olduğunu deyib. 

 

Qeyd edək ki, iki gün ərzində 3 bölmədə işini davam etdirəcək konfransda 110-dan çox məruzə dinləniləcək. Konfransın işində ölkəmizin müxtəlif qurumlarından olan alimlərlə yanaşı, Türkiyə və İsraildən də qonaqlar iştirak edirlər. 

 

 



26.04.2023 | 18:24