48 mindən artıq şagird imtahan verəcək

Məlum olduğu kimi, 30 aprel 2023-cü il tarixində Bakı şəhərinin Xəzər, Nizami, Pirallahı rayonlarında, Naxçıvan MR-də, Mingəçevir, Naftalan, Sumqayıt (II hissə), Şirvan, Yevlax şəhərlərində, Abşeron (II hissə), Ağstafa, Balakən, Bərdə, Cəlilabad (II hissə), Goranboy, Göyçay (II hissə), Xaçmaz (II hissə), İsmayıllı, Qax, Qazax, Quba (II hissə), Lerik, Masallı (II hissə), Salyan, Şamaxı, Tərtər, Ucar, Zaqatala rayonlarında, Bakı şəhərinin xüsusi ümumtəhsil müəssisələrində, eləcə də tədrisi ingilis, fransız və gürcü dillərində aparılan ümumtəhsil müəssisələrinin məzunları üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçiriləcək.

 

DİM-dən bildirilib ki, imtahan saat 11:00-da başlanır. 

 

Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər: 

-İmtahana buraxılış vərəqəsi;

- Şəxsiyyəti təsdiq edən sənədin əsli:

 

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b)  əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

 

-Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

 

Şəxsiyyəti təsdiq edən sənədində şəkli olmayan şagirdlər buraxılış imtahanı üçün təhsil müəssisəsi tərəfindən verilməli olan arayışı DİM-in saytından yükləyə bilərlər.

 

İmtahanda 48065 şagirdin iştirakı nəzərdə tutulur.

 

İmtahanda 15 nəfər fiziki məhdudiyyətli (I qrup gözdən əlil, eşitmə əngəlli və digər) şagird də iştirak edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında ayrıca zallar ayrılıb, gözdən əlillər üçün tapşırıqların oxunması, cavab vərəqinin doldurulması və s. işlər üçün fərdi nəzarətçilər təyin edilib. Həmçinin eşitmə əngəlli şagirdlər üçün onların dinləmə ilə bağlı qüsurları nəzərə alınaraq xüsusi test kitabçaları hazırlanıb. Hərəkət məhdudiyyətli şagirdlərin bina və zala daxil olması və rahat şəkildə hərəkəti üçün də xüsusi şərait yaradılıb.

 



27.04.2023 | 12:28