Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş ağacəkmə aksiyası

Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Medianın İnkişafı Agentliyi, Audiovizual Şura və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının  100 illik yubileyinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.

 

Müşfiqabad qəsəbəsində keçirilən ağacəkmə aksiyası zamanı Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib. Baş tutan aksiyada həmin qurumların rəsmilərinin, media subyektlərinin rəhbərləri və nümayəndələri iştirak ediblər. Tədbirdə jurnalistlərə açıqlama verən ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev bildirib ki, ümumilikdə  480 hektara yaxın ərazidə 3000 ağac əkilib.

 

Medianın İnkişafı Agentliyinin icraçı direktoru  Əhməd İsmayılov qeyd edib ki,  aksiyada Azərbaycanın aparıcı media subyektlərinin təmsilçiləri böyük həvəslə iştirak edirlər. Qurum sədri bildirib ki, 2002-ci ilin martında Azərbaycan jurnalistləri arasında keçirilmiş sorğu nəticəsində Ulu Öndər Heydər Əliyevin “Jurnalistlərin dostu” seçilməsi Ümummilli Liderin medianın inkişafına diqqət və qayğısının məntiqi nəticəsi olub.

 

Ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva qeyd edib ki, Müşfiqabadda bu ərazi müasir suvarma sistemi ilə təchiz olunub.  Bildirib ki, ərazidə formalaşan tullantı sularının təmizlənməsi prosesi həyata keçirilir və  bu, ağacların suvarılmasında istifadə olunur.

 

Rəşad ZİYADOV

 



27.04.2023 | 18:19