“Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü”

Aprelin 25-də Şamaxı Rayon İcra Hakimiyyəti və Azərbaycan Dövlət Pedaqoji Universiteti Şamaxı filialının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə “Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü” mövzusunda tədbir keçirilib.  Tədbir iştirakçıları öncə Şamaxı rayon parkında Ulu Öndərin abidəsi önünə gül dəstələri qoyaraq  əziz  xatirəsini bir dəqiqəlik sükutla anıblar.

 

Mədəniyyət evində  keçirilən tədbiri Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov giriş sözü ilə açaraq dahi şəxsiyyət Heydər Əliyevin - dünyaşöhrətli siyasətçinin ömür yolu və ictimai-siyasi fəaliyyətinə həsr olunan hər bir konfransın, elmi seminarın, tədbirin onun miras qoyub getdiyi Müstəqil Azərbaycan Respublikasının yenilməzliyinə, dövlət quruculuğuna, azərbaycançılıq ideologiyasına və həyatın bütün sahələrində islahatların zəruriliyinə xidmət etdiyni bildirib.

 

ADPU-nun Elm və innovasiyalar üzrə prorektoru professor  Asəf Zamanov çıxışında hər bir xalqın tarixində siyasi və ictimai fəaliyyəti ilə seçilən, onun tarixinə imza atan şəxsiyyətlərin olduğunu vurğulayaraq Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevi Ruzvelt, Çörçil, Atatürklə müqayisə edib. Təhsil, elm, maarif sahəsində Heydər Əliyevin həyata keçirdiyi islahatların ali, orta və ixtisas-peşə məktəblərinin fəaliyyətində, təhsilin dünyaya inteqrasiya edilməsində rolunu yüksək qiymətləndirən professor  Asəf Zamanov  Ulu Öndərin  bütövlükdə Azərbaycan təhsilinin inkişafındakı əvəzsiz xidmətlərindən söz açıb. Qeyd olunub ki, Ümummilli Lider Azərbaycan təhsilinin, elminin böyük himayədarı kimi yaddaşlarda qalıb.

 

Çıxış üşün söz alan ADPU-nun  Beynəlxalq əlaqələr üzrə prorektoru  professor  Mahirə Hüseynova Azərbaycan xalqının Ümummilli Lideri, müasir müstəqil Azərbaycanın memarı Heydər Əlirza oğlu Əliyevin anadan olmasının 100-cü ildönümünün ölkəmizdə geniş  qeyd olunduğunu diqqətə çatdıraraq bildirib ki, təkcə bir əsrlik yubileyi deyil, ictimai-siyasi fəaliyyəti, yaşadığı ömrün mənası əsrlərə sığmayan dahi şəxsiyyətin həyatının xalqımızın taleyində hansı rol oynadığı baxımından 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması təqdirəlayiqdir.

 

Prorektor çıxışında bildirib ki, dünənki tarixini və onun nəticələrini öyrənmək, nəticə çıxarmaq, hər bir xalqın gələcəyinə gedən yolun rəvanlığı üçün ən mühüm atributlardan biridir.O nöqteyi-nəzərdən Ulu Öndərin bizim, Azərbaycan müəllimləri, ümumiyyətlə, təhsil işçiləri üçün hansı yolu hədəf göstərdiyini xatırlatmaq istərdik: “Birmənalı olaraq, onu qeyd edək ki, Ümummilli Liderin Azərbaycan xalqının gələcəyinə istiqamətlənən strategiyasında təhsil sahəsinin inkişafı başlıca yer tutub. Təhsil sahəsi həyatımızın ən gərəkli, ən mühüm sahəsidir. O, milli məqsədlər, mənafelər əsasında qurulmalıdır, - deyən Ulu Öndər təhsil siyasətinə dövlətçiliyin təməl prinsiplərindən biri kimi yanaşıb. Bu istiqamətdə həyata keçirilən islahatlar təhsilin bütün pillələrini və maddi-texniki bazasını əhatə edib. Gətirəcəyimiz konkret nümunələr onun Azərbaycana rəhbərlik etdiyi birinci mərhələ üçün ən xarakterik hallardan biri kimi diqqət çəkir. 1969-cu ildə Azərbaycan SSR-nin rəhbərliyinə gələn Ümummilli Liderin fəaliyyətinin bu istiqaməti 1970-ci illərdən başlayaraq ölkəmizdə aparılan təhsil islahatları ilə xüsusi mərhələ təşkil edir. Bu xüsusda, 1972-ci ildə “Gənclərin ümumi orta təhsilə keçidini başa çatdırmaq və ümumtəhsil məktəbini daha da inkişaf etdirmək haqqında” və 1973-cü ildə “Kənd ümumtəhsil məktəblərinin iş şəraitini daha da yaxşılaşdırmaq haqqında” qəbul edilmiş qərarlar  və onların icrası əsaslı keyfiyyət dəyişikliyinə doğru atılan addımlar idi. Nəticədə, 1979-cu ildə ümumtəhsil məktəblərinin sayı 1965-ci ilə nisbətən üç dəfədən çox artaraq  2117-yə, 1982-ci ildə isə 4267-yə çatdı”.

 

Ulu Öndər Heydər Əliyevin Azərbaycana  rəhbərlik etdiyi 1969-1982-ci illərdə 5 yeni ali təhsil müəssisəsi açıldığını və ali məktəb tələbələrinin sayının  70 mindən 100 minədək artdığını  söyləyən professor  Mahirə Hüseynova    müəyyən statistik rəqəmləri tədbir iştirakçılarının diqqətinə çatdırıb: “Əgər 1960-cı illərin sonunda respublikada 12 ali məktəbdə 105 fakültə, 450 kafedra var idisə və 139 ixtisas üzrə kadr hazırlığı aparılırdısa, 1982-ci ildə artıq 136 fakültəni və 530 kafedranı birləşdirən 21 ali təhsil müəssisəsi fəaliyyət göstərirdi. Bunlardan əlavə, Ümummilli Liderin təşəbbüsü və himayəsi sayəsində 1970-ci ildən başlayaraq, hər il Azərbaycan gəncləri SSRİ-nin nüfuzlu ali məktəblərində ali təhsil almağa göndərilirdi. Nəticədə 1970-1980-ci illərdə SSRİ-nin 50-dən artıq böyük şəhərinin 170-dən çox nüfuzlu ali məktəbində 250-dən çox ixtisas üzrə 15 mindən artıq azərbaycanlı gənc ali təhsil alaraq yüksəkixtisaslı mütəxəssis kimi ölkəyə qayıtdı. Bu isə respublikanın milli kadr potensialının daha da gücləndirilməsində mühüm rol oynadı”.

 

Prorektor  M.Hüseynova  1993-cü ildə suveren Azərbaycan dövlətinin taleyinin həll olunduğu ağır məqamlarda xalqın iradəsi ilə ikinci dəfə siyasi rəhbərliyə qayıdan Heydər Əliyevin  nominal dövlətçiliyi xilas etdiyi məqamlarda da təhsilə ikinci dərəcəli məsələ kimi baxmadığını, qısa bir müddətdə ölkəmizdə 1991-1993-cü illərdə təhsil müəssisələrinin pozulmuş fəaliyyətinin  normal vəziyyətə gətirildiyini,  planlı islahatların əsasının qoyulduğunu söyləyib. 

 

Bildirilib ki, 1998-ci il martın 30-da Prezident Heydər Əliyevin Sərəncamı ilə Təhsil Sahəsində İslahatlar üzrə Dövlət Komissiyası yaradıldı, “Azərbaycan  Respublikasının təhsil sahəsində İslahat Proqramı” hazırlandı və 1999-cu il iyunun 15-də təsdiq edildi. Proqramda təhsilin gələcək inkişaf strategiyası müəyyənləşdirilməklə, mərhələlər üzrə təhsil sisteminin strukturunda, idarə edilməsində, məzmununda, maddi-texniki bazasında, iqtisadiyyatında, kadr hazırlığı və təminatında əsaslı islahatların aparılması nəzərdə tutulurdu.

 

“Azərbaycan Respublikasının təhsil sisteminin təkmilləşdirilməsi haqqında” 2000-ci il 13 iyun, “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 2001-ci il 18 iyun, “Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust, “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunun tətbiq edilməsi barədə” 2003-cü il 2 yanvar tarixli fərmanlar təhsilimizin keyfiyyətcə yeni mərhələsinin başlanğıcı oldu. Azərbaycan tarixinin, ədəbiyyatının, coğrafiyasının tədrisinə, mükəmməl dərsliklərin hazırlanmasına, Azərbaycan dilinin öyrədilməsinə, xüsusilə dövlət dili statusunda təbliğinə diqqət artırıldı.

 

“Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq” - deyən Ümummilli Lider müəllim adını layiq olduğu mərtəbəyə qaldırdı.

 

Ulu Öndərin Azərbaycan Dövlət Pedaqoji Universitetinin həyatında  önəmli rolu və yeri olduğunu deyən  professor Mahirə Hüseynova dahi şəxsiyyətin adıçəkilən ali təhsil ocağının 60 illik yubileyində şəxsən iştirak etdiyini  qeyd edib. Onu da xüsusi vurğulayıb ki, Heydər Əliyevin təhsil siyasətini inkişaf  yolu ilə davam etdirən  Prezident  İlham Əliyevin 17 aprel 2021-ci ildə imzaladığı “Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamına əsasən  universitetin yubileyi məhz Heydər Əliyev Mərkəzində  təntənə ilə qeyd olundu, kollektiv üzvlərinin xidməti dövlət təltifləri ilə mükafatlandırıldı.

 

Ali təhsil müəssisəsində aparılan işlərdən söz açan Mahirə Hüseynova 2015-ci il noyabrın 26-da Prezident İlham Əliyevin imzaladığı Sərəncamla ADPU-nun strukturunun  genişləndiyini, maddi-texniki bazasının  möhkəmləndiyini, Azərbaycan Müəllimlər İnstitutu onun və bu gün tədbirə ev sahibliyi edən Şamaxı filialı da daxil olmaqla, bütün  filialların  universitetin tərkib hissəsinə çevrildiyini qeyd edib.

 

Çıxışının sonunda  prorektor  Mahirə Hüseynova bildirib ki,  Heydər Əliyevin bünövrəsini elmi əsaslarla qoyduğu, bu gün Prezident İlham Əliyevin davam etdirdiyi təhsil siyasəti, ölkəmizin Birinci xanımı Mehriban Əliyevanın hər məqamda təhsilimizlə bir yerdə olması ali təhsil müəssisəsinin kollektivini növbəti uğurlara çağırır.  Hər birimiz bu çağırışa əməli işimizlə getməli, Azərbaycanın gələcəyi üçün məsuliyyət hissini unutmamalıyıq. Elə, “Heydər Əliyev İli”nin fəlsəfəsi də bundadır.

 

Tədbirdə daha sonra Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı, ADPU Şamaxı filialının direktoru dosent  Tünzalə Əliyeva çıxış edərək Ulu Öndərin Azərbaycan təhsilinin, elminin inkişafındakı xidmətlərindən danışıblar.

 

Tədbir Azərbaycanın incəsənət ustalarının çıxışları ilə davam edib. Xalq artistləri Ağadadaş Ağayev, Məleykə Əsədova, Nurəddin Mehdixanlı ifalarında  bir daha Ulu Öndərə olan sonsuz hörmət və ehtiramlarını bildiriblər. Professor  Mahirə Nağıqızının (Hüseynovanın) “Ata - Heydər, oğul - İlham”, “Azərbaycandır Qarabağ” şeirlərinin sözlərinə bəstələnmiş mahnılar Əməkdar artist Elnur Zeynalovun ifasında xüsusilə rəğbətlə qarşılanıb.

 

Samirə KƏRİMOVA

 



28.04.2023 | 12:16