26 şəhər və rayonda buraxılış imtahanı keçirilib

30 aprel 2023-cü il tarixində Bakı şəhərinin Xəzər, Nizami, Pirallahı rayonlarında, Naxçıvan MR-də, Mingəçevir, Naftalan, Sumqayıt (II hissə), Şirvan, Yevlax şəhərlərində, Abşeron (II hissə), Ağstafa, Balakən, Bərdə, Cəlilabad (II hissə), Goranboy, Göyçay (II hissə), Xaçmaz (II hissə), İsmayıllı, Qax, Qazax, Quba (II hissə), Lerik, Masallı (II hissə), Salyan, Şamaxı, Tərtər, Ucar və Zaqatala rayonlarında Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib.

 

Həmçinin Bakı şəhərində yerləşən xüsusi məktəblərin (internat məktəbləri, cəzaçəkmə müəssisələrinin nəzdində yerləşən məktəblər), eləcə də tədris ingilis, fransız və gürcü dillərində aparılan ümumtəhsil müəssisələrinin məzunları üçün buraxılış imtahanı keçirilib. Çilov adasında yerləşən məktəbə isə imtahan rəhbəri və materialların daşınması Azneft İstehsalat Birliyinin helikopteri vasitəsilə həyata keçirilib.

 

İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 208 imtahan binası, 3664 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 600 imtahan rəhbəri və ümumi rəhbər, 4533 nəzarətçi-müəllim, 669 buraxılış rejimi əməkdaşı (mühafizə), 208 bina nümayəndəsi ayrılıb.

 

İmtahanda 48065 şagirdin iştirakı gözlənilirdi.

 

İmtahanda 15 nəfər fiziki məhdudiyyətli (I qrup gözdən əlil, eşitmə əngəlli və digər) şagird də iştirak edib.

 

İlkin məlumatlara əsasən, 2 nəfərdə mobil telefon aşkarlandığı, 2 nəfər isə köçürməyə şərait yaratdığı üçün imtahandan kənarlaşdırılıb. Bundan əlavə, Şirvan şəhərində 1 nəfər kənar şəxs (11-ci sinif şagirdi) pəncərədən imtahan binalarının birinə daxil olmağa cəhd edib və bunun qarşısı alınıb. Bütün qeyd olunan hallarla bağlı araşdırma aparılır.

 

Bu gündən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılıb. 

 

İmtahan nəticələrinin yazılı cavab tələb edən tapşırıqların yoxlanılması vaxt tələb etdiyi üçün 1 ay ərzində elan olunması nəzərdə tutulur.

 

Bu barədə DİM-dən məlumat verilib.

 



01.05.2023 | 10:02